21 iyun 2022-ci il tarixində 7 saylı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti – beşinci hesabat xarakterli görüşü keçirilib. İclasa işçi qrupunun nümayəndələri, gənc alimlər, ali təhsil müəssisələrinin akademik heyəti və şirkət nümayəndələri dəvət ediliblər. Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) direktor müavini Arzu Hüseynova və İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin baş mütəxəssisi Elsevər Lətifli iştirak ediblər.
Altqrupun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış edərək "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər barədə auditoriyaya məlumat verib.
Daha sonra “Əqli potensialın artırılması” bölməsi üzrə hesabat təqdimatı təqdim edilib. Təqdimat ESRI-nin direktor müavini Arzu Hüseynova və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəribli tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.
Təqdimat zamanı tədqiqatçıların xarici dil bacarıqlarının və rəqəmsal səriştələrinin artırılması üçün dövrün tələbləri, Avropa İttifaqı tərəfindən təqdim edilən rəqəmsal səriştənin ətraflı təsnifatı, bu təsnifata uyğun proqramların hazırlanması, onların həyata keçirilməsi üçün ən yaxşı proqramların müəyyən olunması, rəqəmsal alətlərin seçimi, rəqəmsal mühitdə səriştələr sisteminin qurulmasından bəhs edilib. Eyni zamanda “Web of Science”da jurnalın impakt faktoruna baxılması və işləmə qaydaları və “Google Scholar” sistemində qeydiyyat və işləmə qaydaları haqqında misal qismində hazırlanmış təqdimatlar müzakirə edilib. Təqdimat zamanı həmçinin elmi nəşrlərin stimullaşdırılması üzrə ölkələrin təcrübələrinə nəzər salınıb.
Yekunda elmi tədqiqatçıların xarici dil və rəqəmsal bacarıqlarının artırılması üzrə proqramlara, eləcə də mövcud qanunvericilik aktlarına təklif olunacaq əlavə və dəyişiklərə dair razılığa gəlinib və bundan sonrakı dövrdə həmin proqramların həyata keçirilməsi istiqamətində aidiyyəti qurumlarla işlərin davam etdirilməsi qərara alınıb.