logo
İETİ -də İqtisadi Mürəkkəblik Konsepsiyası çərçivəsində ölkələrin sənaye potensialının və iqtisadi inkişaf perspektivlərinin dərin təhlilinin aparılmasına imkan verən tədqiqat işi yerinə yetirilmişdir

Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi İqtisadi Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi siyasət və tənzimlənmə şöbəsinin rəhbəri Mehdiyev Malik, baş elmi işçisi Musayev Rauf və mütəxəssis Əhməd Əli tərəfindən İqtisadi Mürəkkəblik Konsepsiyası çərçivəsində Harvardın Böyümə Laboratoriyası tərəfindən təklif edilən metodika əsasında ölkələrin sənaye potensialının və iqtisadi inkişaf perspektivlərinin dərin təhlilinin aparılmasına imkan verən tədqiqat işi yerinə yetirilmişdir.

Harvardın Böyümə Laboratoriyasının təqdim etdiyi iqtisadi mürəkkəblik yanaşması ölkələrə uzunmüddətli iqtisadi planlaşdırma və sənaye strategiyalarının hazırlanmasında əhəmiyyətli alət kimi çıxış edir. Bu metodologiyadan istifadə edərək hökumətlər və iqtisadi tədqiqatçılar ticarət və sənayenin inkişafı, iqtisadi artım perspektivlərini daha dəqiq təhlil edə, iqtisadi siyasət qərarlarını elmi əsaslara söykənərək effektiv şəkildə həyata keçirilə bilər. Tədqiqat işi 232 ölkənin və hər ölkə üzrə 5870 adda alt qrup məhsullların (xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının həmahəng sistemi üzrə 6 rəqəmli kodlarla) məlumatlarını əhatə edir. Bu yanaşma müxtəlif iqtisadiyyatlar üçün aşağıdakı əsas suallara cavab tapmaqda istifadə olunur:

Ölkə üzrə xarici ticarət dövriyyəsi haqqında təsəvvürlər.

Bu sual ölkənin xarici ticarət strukturunu və beynəlxalq bazarlardakı mövqeyini anlamağa kömək edir. İxrac edilən məhsullar ölkənin sənaye imkanlarını və texnoloji səviyyəsini əks etdirir, idxal edilən məhsullar isə daxili istehsalın hansı sahələrdə zəif olduğunu və hansı sahələrə investisiya qoymağın zəruriliyini göstərir.

Xarici ticarət dövriyyəsinin dinamikası

Ticarət dinamikasının analizi ölkənin iqtisadi siyasətinin uğurlu olub-olmamasını və beynəlxalq bazarlara inteqrasiyasının səviyyəsini qiymətləndirməyə imkan verir.

İxrac artımının əsas amilləri

İxracın artımını müəyyən edən faktorlar arasında texnoloji inkişaf, infrastrukturun yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, əmək məhsuldarlığının artması və dövlətin sənaye siyasəti mühüm rol oynayır. Bu yanaşma ölkənin ixrac etdiyi məhsulların mürəkkəblik səviyyəsini təhlil edərək ixracın davamlı artımını təmin edən amilləri müəyyənləşdirir.

Hansı yeni sənaye sahələrinin yaranması potensialı və ehtimalının olması.

İqtisadi Mürəkkəblik Metodikası ölkələrin mövcud sənaye bacarıqlarını və istehsal şəbəkələrini təhlil edərək, hansı yeni sahələrin inkişaf edə biləcəyini proqnozlaşdırmağa imkan verir.

Hansı sənaye sahələrinin yox olma ehtimalının olması.

Bəzi sənayelər zamanla rəqabət qabiliyyətini itirə və ya texnoloji inkişaf nəticəsində əhəmiyyətini azalda bilər. Bu metodologiya sənaye sahələrinin gələcəkdə necə dəyişəcəyini, bəzi istehsal sahələrinin digər ölkələrə köçməsinin və ya yerli istehsalın azalmasının səbəblərini təhlil etməyə imkan yaradır.

Gələcək 5-10 ildə bu ölkənin istehsal imkanları əsasında ÜDM-in artım perspektivləri.

İqtisadi mürəkkəblik yanaşması ÜDM-in potensial artımını ölkənin sənaye şəbəkələrinin mürəkkəbliyinə əsasən təxmin edir. Daha mürəkkəb iqtisadiyyata malik ölkələr yeni istehsal sahələrini inkişaf etdirə, innovativ məhsullar istehsal edə və daha yüksək dəyərli ixrac məhsulları ilə ÜDM-in artımını sürətləndirə bilərlər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.