22 dekabr 2022-ci il tarixində “CAREC” İnstitutunun İdarəetmə Şurasının 13-cü iclası keçirilib. İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin 1-ci müavini iqtisad elmləri doktoru, professor Arzu Hüseynova, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı elmi işçisi Natiq Mədətov və həmin şöbənin elmi işçisi Şükür Quliyev təmsil ediblər.
Virtual formatda təşkil olunmuş 4 sessiyadan ibarət iclasda CAREC İnstitutunun yeni direktoru Kabir Jurazoda iştirakçıları salamlayaraq CAREC İnstitutunun 2022-ci il üçün Tərəqqi Hesabatını, direktor müavinləri İsgəndər Abdullayev və Jingjing Huang isə müvafiq olaraq 2023-2024-cü illər üçün Əməliyyat Planı, 2023-cü il üçün büdcə və işə qəbul planı haqqında təqdimatlar ediblər.
İclasda ESRI-nin əməkdaşı Natiq Mədətov cari ilin 15 – 16 sentyabr tarixlərində ESRI-nin həmtəşkilatçılığı ilə Bakı şəhərində CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunun uğurla keçirildiyini qeyd edərək ESRI ilə CAREC İnstitutu arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. O, həmçinin sözügedən memorandumun icrası ilə bağlı İqtisadiyyat Nazirliyi və onun bütün qurumlarından müvafiq əməkdaşlıq təkliflərinin toplanıldığını bildirib. Natiq Mədətov yekun təkliflər əsasında ESRI ilə CAREC İnstitutunun arasında imzalanmış memorandumun icrası məqsədilə 2023-cü il üçün Yol Xəritəsinin tərtib edilməsini təklif edib.
CAREC İnstitutunun rəhbərliyi öz növbəsində ESRI-nin təkliflərini müsbət qarşılayıb və bu məsələ ilə bağlı işçi qaydada müzakirə aparılacağını qeyd edib.