logo
Texnologiya və innovasiyalar üzrə İşçi qrupun 2022-ci il 10 avqust tarixində növbəti görüşü baş tutub

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə İşçi Qrupunun 10 avqust 2022-ci il tarixində növbəti görüşü baş tutub.

Görüşdə işçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mərkəzi Bank, Azərbaycan Milli Elmlər Akademiyası və özəl sektor nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Texnologiya və İnnovasiyalar üzrə İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülmüş işlər barədə icraçı qurumlar tərəfindən məlumat verilib. Onu da qeyd etmək lazımdır ki, Qlobal İnnovasiyalar İndeksi üzrə mövcud olmayan və aşağı nəticə əldə olunan indikatorlar üzrə Azərbaycana məxsus statistik məlumatların beynəlxalq təşkilatlara ötürülməsi istiqamətində əlaqələrin qurulduğu və həmin məlumatların beynəlxalq təşkilatların saytlarında dərc olunduğu bildirilib. KOBİA tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinin İKT-yə olan tələbatlarının öyrənilməsi və özəl sektorun elm sahəsinə investisiya yatırması üzrə mövcud vəziyyətin öyrənilməsi istiqamətləri üzrə aparılmış sorğuların nəticələri açıqlanıb.

Görüşün yekununda Texnologiya və İnnovasiyalar üzrə İşçi Qrupunda təmsil olunan qurumların fəaliyyətinin əlaqələndirilməsinə və beynəlxalq təşkilatlara mötəbər məlumatların ötürülməsinin davamlı şəkildə həyata keçirilməsinə dair qərar qəbul edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.