20 oktyabr 2022-ci il tarixində ESRI-nin İqtisadiyyatın sahəvi təhlili şöbəsinin əməkdaşı Emil Qasımov Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika Elmi Konfransında iştirak edib.
Konfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və respublikamızın bir çox ali təhsil müəssisələrinin görkəmli iqtisadçı alimləri iştirak ediblər.
Konfransı SDU-nun rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Elxan Hüseynov bildirib ki, SDU ölkə başçısı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib. SDU respublikamızın və dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalayıb.
Daha sonra çıxış etmiş qonaqlar SDU-nun təhsilimizin inkişafına verdiyi töhfələrdən danışıblar. Bildiriblər ki, ölkəmizdə və Sumqayıt şəhərində fəaliyyət göstərən müxtəlif müəssisələrin yüksək hazırlıqlı, bilikli kadrlarla təmin olunmasında SDU-nun rolu danılmazdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində 2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox uğurlara imza atılıb və sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə edilib.
Konfransın məsul katibi, Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov konfransın təşkilat komitəsinə respublikamızın 33 elm və ali təhsil müəssisəsindən 165 məruzə və tezis daxil olması, onlardan 149 məruzə və tezis proqram komitəsi tərəfindən seçilərək və antiplagiat proqramı ilə yoxlanılaraq konfransın gündəliyinə daxil edilməsi haqqında məlumat verib.
Elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirib.