7 oktyabr 2022-ci il tarixində Polşanın Şərqi Araşdırmalar İnstitutunun (ŞAİ) Şərqi Avropa üzrə əlaqələndiricisi Piotr Sieniavski ilə ESRI kollektivi arasında görüş keçirilib.
Görüşdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov İnstitutun fəaliyyət istiqamətləri, yeni təşkilati-inzibati strukturu, elmi nailiyyət və planları, həmçinin bu istiqamətlərdə aparılan islahatlar barədə məlumat verib. Bununla yanaşı, o, ESRI-nin fəaliyyət planında prioritet məsələlərindən biri olan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasında təşkilatın rolunun artırılması və onun respublika, o cümlədən dünya miqyasında tanınmış beyin mərkəzinə çevrilməsi, İnstitut daxilində təhsil, araşdırma və təhlil sahələrində yeniliklərin tətbiq olunması, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, beyin mərkəzləri və təhsil müəssisələri ilə mütəmadi əlaqədə olaraq qarşılıqlı əməkdaşlıq edilməsinin və bu əməkdaşlıq çərçivəsində ekspert mübadiləsinin aparılmasının zəruriliyini qonağın diqqətinə çatdırıb.
Eyni zamanda qonaq ölkənin nümayəndəsi cənab Sieniavski də təmsil etdiyi ŞAİ-nin fəaliyyətindən, əldə etdikləri uğurlardan, onun təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq İqtisadi Forumun üstünlüklərindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan, Azərbaycanın Avropa üçün əsas nəqliyyat dəhlizləri üzərində yerləşməsindən, Azərbaycan – Polşa sosial, iqtisadi və ticari əlaqələrindən bəhs etmiş, bu mövzular ətrafında müzakirələr aparılmış və ESRI-nin əməkdaşlarının – Natiq Mədətov, Şükür Quliyev, Elsevər Lətifli və Şəhla Babayevanın sözügedən mövzularla bağlı suallarını cavablandırıb.
Öz çıxışının davamında cənab Sieniavski ŞAİ-nin ESRI ilə əməkdaşlıq üçün ortaq maraq doğuran məsələlərdən söz açmış və gələn il Polşanın Karpaç şəhərində ŞAİ tərəfindən təşkil ediləcək növbəti 32-ci Beynəlxalq İqtisadi Foruma ESRI-nin də nümayəndələrinin dəvət olunmasını təklif edib.
Görüşün sonunda qonaq ESRI ilə əməkdaşlığa müsbət yanaşdıqlarını və bu əməkdaşlığın hər iki ölkənin elm-təhsil, siyasət quruculuğu, analitik və strateji təhlil və s. sahələrinin inkişafına töhfə verəcəyini bildirib.