ESRI əməkdaşları 1-6 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində Özbəkistanın bir sıra beyin mərkəzləri, beynəlxalq maliyyə institutlarının Özbəkistandakı nümayəndəlikləri, həmçinin aparıcı Özbəkistan universitetləri ilə görüşlər keçirib, eləcə də Özbəkistan Respublikasının Maliyyə Nazirliyinin dəvəti ilə İkinci Özbəkistan İqtisadi Forumunda iştirak ediblər.
ESRI-ni forumda Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı elmi işçisi Natiq Mədətov, həmin şöbənin elmi işçisi Şükür Quliyev və Elm və təhsil şöbəsinin elmi işçisi Elsevər Lətifli təmsil ediblər.
Səfərin ilk günü Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi beynəlxalq maliyyə institutlarının Özbəkistan Respublikasındakı rəsmiləri ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı qarşı tərəflərə ESRI haqqında ətraflı məlumat verilib, Özbəkistan Respublikasında cərəyan edən iqtisadi inkişaf prosesləri ətrafında müzakirələr aparılıb və mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Özbək beyin mərkəzləri və universitetləri ilə keçirilmiş görüşlər gələcək əməkdaşlıq imkanları üçün çərçivə rolunu oynayıb. Özbəkistan Respublikası Prezidenti yanında İqtisadi Tədqiqat və İslahat Mərkəzi, İnkişaf Strategiyası Mərkəzi, Daşkənddə Beynəlxalq Vestminster Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Bank və Maliyyə Akademiyası, İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyinin Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqat İnstitutu ilə baş tutmuş görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər və mümkün əməkdaşlıq imkanları müzakirə edilib və əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə təmasların davam etdirilməsi qərara alınıb. Belə ki, qonaq elmi işçi proqramı, birgə tədqiqatlar və qrant proqramları, doktorantura pilləsi üzrə təcrübə mübadiləsi, ikili diplom proqramları, tələbələrin ESRI-də akademik təcrübə keçməsi başlıca əməkdaşlıq imkanlarının özəyini təşkil edib. Bundan başqa hər iki ölkənin 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyalarının ortaq məqamlarda tədqiqat, təlim və təhlillərin aparılması üçün münbit şərait yaratması məsələsində özbək həmkarlar ESRI əməkdaşları ilə həmfikir olduqlarını bildiriblər.
ESRI-nin əməkdaşları Daşkənddə Beynəlxalq Vestminster Universiteti və Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində rəsmi görüşlər keçirməklə yanaşı “Azərbaycanın sosial-iqtisadi inkişafı və Azərbaycan – Özbəkistan iqtisadi əlaqələri” mövzusunda tələbələrə və universitetlərin kollektivlərinə ictimai mühazirələr deyiblər.
Səmərqənd şəhərində keçirilmiş İkinci Özbəkistan İqtisadi Forumunun başlıca mövzusu “İnsanlar: iqtisadi islahatların mərkəzində” olmuşdur. Yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş qardaş dövlətin islahatçı siyasi kursu müxtəlif tədbirlər zamanı işıqlandırılmışdır. Belə ki, Forum çərçivəsində müzakirələr dünyada baş verən müxtəlif səpkili dəyişikliklər və meyillər fonunda olmaqla Yeni Özbəkistanın İnkişaf Strategiyası 2022-2026 ətrafında aparılmış və onun hədəfləri, gözləntiləri, imkanları və çağırışları ələ alınmışdır.
Forum beynəlxalq maliyyə institutlarının, dünyada tanınmış böyük şirkətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirakı və dəstəyi ilə keçirilmiş və 1500-dən çox özbək, beynəlxalq biznes və maliyyə icmalarının, beynəlxalq və regional çoxmüstəvili inkişaf institutlarının, hökumət rəsmilərinin, siyasətqurucularının, beyin mərkəzlərinin və media nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.