30.06.2022-ci il tarixində Ədliyyə Nazirliyinin təşkilatçılığı və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) xətti ilə “Korrupsiya ilə mübarizə çərçivəsində aktivlərin bərpası: yeni tendensiyalar və çağırışlar” mövzusunda hibrid formatda beynəlxalq regional seminar keçirilib.
Seminarda IAACA-nın və digər beynəlxalq təşkilatların məsul şəxsləri, Azərbaycan, Türkiyə, Çin (Honkonq), Gürcüstan, Litva, Rumıniya, Belçika və digər ölkələrdən 100-ə yaxın nümayəndə, o cümlədən antikorrupsiya qurumlarının əməkdaşları, hakimlər, prokurorlar, həmçinin ölkəmizin Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak etmişlər. Seminarda ESRI-nin əməkdaşları – Şükür Quliyev və Bəhlul Yusifli qurumu təmsil ediblər.
Tədbirin açılışını Azərbaycan Respublikasının ədliyyə naziri, IAACA-nın Vitse-prezidenti Fikrət Məmmədov etmişdir. Daha sonra söz IAACA-nın baş katibi Salli Kvana verilmişdir. Xanım Kvan seminara virtual formatda qoşularaq öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş və seminarın assosiasiyanın ümumi maraqlarına birmənalı töhfə verəcəyini qeyd edib.
Tədbirdə Türkiyə Ədliyyə Akademiyasının mühazirəçisi, hakim xanım Ruhşen Tüzün Yülek, ICAC-ın (Honkonq, ÇXR) baş məhkəmə mühasib-eksperti Allen Nq, Rumıniyanın Milli Antikorrupsiya qurumunun baş müvəkkili xanım Silvia Floresku, Gürcüstan Baş Prokurorluğunun Antikorrupsiya idarəsinin Xüsusilə mühüm işlər üzrə müstəntiqi Laşa Tsatsua, Belçika Prokurorluğunun Əmlak üzərinə həbs və müsadirə üzrə mərkəzi idarəsinin (Belçikanın Aktivlərin bərpası üzrə ofisi) rəis müavini Valter Kirinen, Litvanın Xüsusi İstintaq Xidmətinin İstintaq əlaqələndirilməsi idarəsinin Monitorinq və əlaqələndirmə şöbəsinin rəisi, Azərbaycanda rezident “Twinning” müşaviri Simonas Qrebelis aktivlərin bərpası sahəsində təmsil etdikləri ölkələrin təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər və bu sahədə yeni tendensiyalar, qəbul olunmuş qanunlar, təcrübədə olan maraqlı işlər barədə məlumat veriblər. Seminarın sonunda bir sıra iştirakçılar öz suallarını çıxışçılara ünvanlayıblar.