“CAREC” proqramı çərçivəsində Asiya İnkişaf Bankı (AİB), “CAREC” İnstitutu və proqrama üzv dövlətlər arasında Yüksək vəzifəli rəsmilərin iclası keçirilib. Videokonfrans formatında keçirilmiş iclasda İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları – Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Ələkbərov, İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin baş elmi işçisi Natiq Mədətov və Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi Şükür Quliyev iştirak ediblər.
Yüksək vəzifəli rəsmilərin iclası “CAREC”in əməliyyat səviyyəli mexanizmidir. O, klaster və sektor səviyyələrində tərəqqiyə nəzarət edir və mürəkkəb çoxölkəli və çoxsektorlu layihələri nəzərdən keçirmək və təsdiqləmək səlahiyyətinə malikdir. Həmçinin bu qəbildən olan iclaslar “CAREC” Nazirlər Konfransı tərəfindən qəbul edilən siyasətin və strateji qərarların səmərəli həyata keçirilməsini təmin edən mexanizm rolunu oynayır.
İclasa Çin Xalq Respublikasının (ÇXR) proqram üzrə milli əlaqələndiricisi cənab Cin Lu sədrlik edib və iclası öz giriş nitqi ilə açıq elan edib. İclas ümumilikdə 3 sessiyadan ibarət olub. Birinci sessiyada “CAREC” katibliyi tərəfindən yaşıl, dayanıqlı və inklüziv bərpa üçün “CAREC”in postpandemiya çərçivəsi, “CAREC” regionunda kənd təsərrüfatının inkişafı və qida təhlükəsizliyi çərçivəsi, “CAREC” Yaşıl Enerji İttifaqı və iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsi təqdim edilib və daha sonra üzv ölkələrin münasibətləri öyrənilib. Belə ki, reqlamentə əsasən ilk söz Azərbaycan tərəfinə verilib və İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva birinci sessiya çərçivəsində çıxış edib. Daha sonra Qırğız Respublikasının, Qazaxıstan Respublikasının, Monqolustanın, Pakistan İslam Respublikasının, Tacikistan Respublikasının, Türkmənistan Respublikasının və Özbəkistan Respublikasının nümayəndələri də müvafiq ardıcıllıqla çıxış ediblər. İclasda fikir səsləndirmiş rəsmilər ayrı-ayrılıqda proqrama üzv ölkələr arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirmiş və əlaqələrin bundan sonra da yüksələn tempdə davam etdirilməsi ənənəsinə öz sadiqliklərini bildiriblər.
İclasın ikinci sessiyasında “CAREC” İnstitutunun hazırkı direktoru cənab Şakel Şah “CAREC” İnstitutundakı son yeniliklər və görülmüş işlərlə bağlı iclas iştirakçıları qarşısında təqdimatla çıxış edib. Bu sessiyaya həsr edilmiş diskussiya zamanı ESRI-nin əməkdaşı Natiq Mədətov ESRI haqqında lakonik şəkildə məlumat vermiş, o cümlədən ESRI-nin “CAREC” proqramı çərçivəsində gələcək əməkdaşlıq təkliflərinə hazırlığını ifadə edib.
Sonuncu, üçüncü sessiya AİB-in Regional əməkdaşlıq və əməliyyatlar koordinasiya şöbəsinin müdiri xanım Ləzizə Sabirovanın təqdimatında baş tutub. Bu sessiyada, əsasən, qarşıdan gələn 21-ci CAREC Nazirlər Konfransı barədə xüsuslar nəzərdən keçirilmiş və iclas iştirakçıları cari vəziyyət barədə məlumatlandırılıblar.
Sonda AİB-in Şərqi Asiya departamentinin direktoru xanım Tereza Ko iclasın yekun məqamlarına toxunaraq rəsmilərə iclasda iştiraklarına və töhfələrinə görə öz dərin minnətdarlığını bildirib.