21 iyun 2022-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) baş redaktorluğu ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalının redaksiya heyəti arasında virtual formatda ilkin hazırlıq iclası keçirilib. İƏT-in “İqtisadiyyat” jurnalının baş redaktorluğunun ESRI-də olması, jurnalda baş redaktorluq siyasəti, jurnala məqalələrin təqdim edilmə formatı və bu prosesin sürətləndirilməsi, eləcə də jurnalın 6-cı iclasının keçirilməsi barədə məsələlər müzakirə edilib.
İclasda İƏT-in 5 üzv ölkəsindən nümayəndələr və İƏT katibliyi iştirak ediblər. İƏT-in baş katibinin müavini Jandos Asanov iclası açıq elan edərək müzakirələrin aparılmasını “İqtisadiyyat” jurnalının baş redaktoru Arzu Hüseynovaya həvalə edib. Baş redaktor öz təqdimatında jurnalın redaksiya heyətinin görəcəyi əsas işləri vurğulayıb və qeyd edib ki, ESRI tərəfindən jurnalın hazırlanması ilə bağlı müvafiq texniki və təşkilati işlər həyata keçirilməkdədir. İclasda jurnalın yeni sayının hazırlanması və çapı məsələləri, jurnal üçün məqalələrin təqdimat şərtləri, məqalələrin tərtibatına dair tələblər və müəlliflər üçün qaydaların müəyyən edilməsi, kənar rəyçilər bazasının formalaşdırılması və digər məsələlər müzakirə edilib. Bu məqsədlə ESRI tərəfindən jurnalın keyfiyyətinin yaxşılaşdırılması və məqalə tələblərinin beynəlxalq indeksləşmə bazalarının tələblərinə uyğunlaşdırılması ilə bağlı müvafiq sənədlər, o cümlədən jurnalın fəaliyyətinin İƏT tərəfindən maliyyələşdirilməsi ilə bağlı layihə sənədi də hazırlanaraq iclasdan əvvəl iştirakçılara rəylərin alınması üçün təqdim edilib.
Türkiyə Respublikasının təmsilçisi Vildan Baran müvafiq sənədlərin detallı şəkildə tərtib edildiyini bildirərək sənədlərlə yaxından tanış olmaq məqsədilə rəylərin imeyl vasitəsilə təqdim edilməsini təklif edib. İclasda bu sənədlər üzrə rəy və təkliflərin işçi qaydada göndərilməsi qərara alınıb, eləcə də jurnalda dərc olunacaq məqalələrin müvafiq tələblərə uyğun formatda təqdim edilməsi xahiş edilib. İƏT Nazirlər konfransından öncəki bir tarixdə redaksiya heyətinin növbəti görüşünün keçirilməsi və müvafiq olaraq jurnalın çapı planlaşdırılıb.