logo
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə işçi qrupun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 29 avqust 2022-ci il tarixində növbəti görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və bir sıra ekspertlər iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsidir. Tədbirlərin operativ şəkildə həyata keçirilmələri məqsədilə ümumi müzakirələr aparılıb və mövcud vəziyyət qiymətləndirilıb. Eyni zamanda elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə orta və uzunmüddətli tədbirlər üzrə konsepsiya sənədinin hazırlanmasına dair ilkin müzakirələr aparılıb.

İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov görüşü açıq elan edib, sonra isə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O, öz çıxışında altqrupun vəzifə yüksəlişi olan nümayəndələrini təbrik etmiş və altqrupun işi üzrə fikirlərini bölüşüb. Altqrupun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib. “OpenED Network” təsisçisi, ekspert Bülent Tarman “Azərbaycanda beynəlxalq elmi nəşrlərin reytinq göstəricilərinin yaxşılaşdırılması: digər ölkələrin təcrübələrindən çıxarılmış dərslər” mövzusunda təqdimat ilə çıxış edib. 

Sonra Elm və Təhsil Nazirliyinin nümayəndələri Yol Xəritəsi üzrə apardıqları iş üzrə məlumat veriblər. Görüş çərçivəsində “Texnologiya və innovasiyalar” üzrə işçi qrupun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülmüş işlər barədə icraçı qurumlar tərəfindən məlumat verilib.

Sonda Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova Elm və Təhsil Nazirliyi tərəfindən “www.tehsilim.edu.az” portalının təqdimatını təqdim edib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.