23-26 iyun 2022-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, “PAŞA Holding” Şirkətlər Qrupunun baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilmişdir. “Baku Marriott Hotel Boulevard”da təşkil olunmuş beynəlxalq elmi konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC-in rektoru professor Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak etmişlər. Tədbirdə çıxış etmiş Ədalət Muradov konfransa Azərbaycan da daxil olmaqla ümumilikdə dünyanın 27 ölkəsindən məqalələr göndərildiyini bildirib. O, konfrans günlərində 50-yə yaxın məruzə sessiyasının təşkil olunacağı və bu sessiyaların onlayn formatda keçiriləcəyini qeyd edib.
Konfransın açılış gününün digər çıxışlarında ölkənin iqtisadi inkişafı, elm və təhsilin inkişafı istiqamətlərində qəbul edilən dövlət proqramlarından, “Yaşıl” iqtisadiyyata keçiddən, alternativ enerji ehtiyatlarından, “Yaşıl” iqtisadiyyatın inkişafının vacibliyindən, əmək bazarında baş verən dəyişikliklərdən və ali təhsil müəssisələrinin bu istiqamətdə rolundan bəhs edilib.
Konfransın açılış mərasimində ESRI əməkdaşlarından Arzu Hüseynova, Natiq Mədətov, Elnur Ələkbərov, Emil Qasımov, Vüsal Həsənov, Samirə Mirzəliyeva və Kərim Hacıyev iştirak ediblər.
Konfransda Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi Vüsal Həsənov və həmin şöbənin mütəxəssisi, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuş Kərim Hacıyev “Azərbaycanın türkdilli dövlətlərlə ticarət, nəqliyyat və turizm əlaqələrinin inkişafı” mövzusunda təqdimatla çıxış ediblər.
Kərim Hacıyev Azərbaycanın türkdilli dövlətlərlə ticarət, nəqliyyat və turizm əlaqələrinin mövcud vəziyyətini, eləcə də bu sahədə potensial imkanları nəzərə alaraq əlaqələrin inkişaf etdirilməsi və səmərəliliyin yüksəldilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyi haqqında geniş məlumat verib.
Konfransa həmçinin ESRI-nin Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri v.i.e. Elnur Ələkbərov və həmin şöbənin baş elmi işçisi Emil Qasımov tərəfindən də "İqtisadi inkişafda inəqliyyat dəhlizlərinin rolu" mövzusunda məqalə təqdim edilib. Konfransın məruzə sessiyasında təqdimatla çıxış etmiş Emil Qasımov ölkəmizdən keçən mövcud nəqliyyat dəhlizlərinin rolundan bəhs edib və yaxən gələcəyinin reallığına, Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub.