ESRI-nin əməkdaşları İlham Hümbətov və Elsevər Lətifli 2022-ci ilin 19-22 oktyabr tarixlərində Şərq Tərəfdaşlığının (ŞT) Tədqiqat və İnnovasiyalar Paneli nəzdində 4-cü Qeyri-rəsmi İşçi Qrupunun iclasında iştirak, həmçinin Gürcüstanın aparıcı beyin mərkəzləri ilə görüşlərin keçirilməsi ilə əlaqədar olaraq Gürcüstan Respublikasının Tbilisi şəhərinə səfər ediblər.
Səfər çərçivəsində ESRI-nin əməkdaşları ISET Siyasət İnstitutu, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu (Rondeli Fondu) və Siyasət və İdarəetmə Konsaltinq Qrupunun (PMCG) nümayəndə heyətləri ilə görüşlər keçiriblər. Görüşlərdə qurumların fəaliyyətləri barədə məlumat alınmış, təhsil proqramları, səriştələrin gücləndirilməsi layihələri, birgə regional fəaliyyətlər və əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində ESRI-nin əməkdaşları Şərq Tərəfdaşlığının Tədqiqat və İnnovasiyalar Paneli nəzdində 4-cü Qeyri-rəsmi İşçi Qrupunun iclasında iştirak ediblər. Tədbirdə Avropa Komissiyasının məsul nümayəndələri, ŞT ölkələrinin, həmçinin Belçika, Almaniya, Latviya və Rumıniyanın müvafiq təşkilatlarının mütəxəssisləri iştirak edib. Toplantı zamanı ŞT ölkələrinin “Horizon Avropa” Proqramında iştirakı üzrə hazırkı vəziyyət, “Horizon 2020”nin tədqiqat və innovasiyalar üzrə prioritetlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan probemlər və əldə edilmiş nailiyyətlər, milli plan və proqramların hazırlanması və icrası müzakirə edilib. İ.Hümbətov Avropa Tədqiqat Məkanına inteqrasiyaya həsr edilmiş üçüncü sessiyada çıxış edərək bu istiqamətdə beynəlxalq əməkdaşlığın və müştərək layihələrdə iştirakın mühüm olduğunu bildirib. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən uğurlu təcrübəni iştirakçıların diqqətinə çatdırıb. E.Lətifli Avropa İnnovasiya Şurasının fəaliyyəti üzrə müzakirələrə qatılıb.
Bundan başqa, nümayəndə heyətləri Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi (GITA) və Texnologiyalar Parkını ziyarət ediblər. GITA-da “Bilik üçbucağında sinerji üçün Akademiya-Biznes əməkdaşlığı – Gürcüstandan baxış” adlı Panel Müzakirəsi aparılıb.