logo
Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə işçi qrupun ilk iclası keçirilib

23 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması və bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Elm və Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul şəxsləri iştirak ediblər.

İclasda iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupunun rəhbəri Elnur Əliyev açılış nitqi edərək Rəqəmsal İqtisadiyyat Strategiyasının vacibliyini vurğulayıb.

İşçi qrupun katiblik funksiyasını həyata keçirən Dördüncü Sənayə İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən qrupun gələcək fəaliyyəti haqqında məlumat verilib və Strategiyanın hazırlanması istiqamətində təqdimat edilib. Təqdimatda görüləcək işlər, risklərin müəyyən edilməsi, beynəlxalq təcrübə və s. məsələlərə toxunulub.

İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (“ESRI”) işçi qrupun üzvləri olan İdarə Heyəti sədrinin 1-ci müavini iqtisad elmləri doktoru, professor Arzu Hüseynova və “ESRI”nin Elm və tədris şöbəsinin aparıcı elmi işçisi Təranə Salıfova təmsil ediblər.

Yekunda işçi qrup üzvlərinin təklifləri dinlənilib və müzakirələr aparılıb.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.