logo
Bakıda 2-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib

1 fevral 2023-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə təşkil olunmuş Aqrobiznesin İnkişafı Forumu keçirilib. Forumda kənd təsərrüfatı və iqtisadiyyat nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının, Azərbaycan Banklar Assosiasiyasının, Mərkəzi Bankın, həmçinin ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunun (“ESRI”) İdarə Heyətinin sədri Mahir Hümbətov və əməkdaşları Şükür Quliyev və Pərvin İdrisli iştirak ediblər.

Forumu giriş sözü ilə açmış kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sektora göstərilən dövlət dəstəyi və bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın sahibkarlara aqrobiznes sahəsindəki fəaliyyətlərinin qurulmasına və inkişafına göstərdiyi dəstək və xidmətlər, Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri barədə məlumat veriblər.

Forumun növbəti mərhələsində aqrar sahənin inkişafına töhfə verən sahibkarlar mükafatlandırılıb və Forum 3 panel sessiyası ilə davam etdirilib.

Forumun “Kənd təsərrüfatının dinamikası və onun inkişaf perspektivləri” mövzusuna həsr olunmuş ilk panelində cənab Mahir Hümbətov kənd təsərrüfatı sektorunda Yaşıl enerjinin tətbiqinin əhəmiyyəti ilə bağlı, xüsusilə enerji qiymətlərinin artım fonunda yaşıl enerjiyə keçidin üstünlükləri barədə məlumat verib. Bundan başqa Mahir Hümbətov ekoloji tarazlığın təmin olunması, birbaşa xarici investisiyalar, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun tərəfdaşlığı, bazar iqtisadiyyatının daha önə çəkilməsi, monitorinq və qiymətləndirmə, orqanik istehsal və s. məsələlərə toxunub. O, əlavə olaraq kənd təsərrüfatı sektorunda qadınların və gənclərin məşğulluğunun artırılması, yeni dəyər yaradan əməyin formalaşdırılması məsələlərini də Forum iştirakçılarının diqqətinə çatdırıb. Yekunda Mahir Hümbətov emal müəssisələrində istehsal olunan məhsulların müxtəlif texnoloji proseslərə cəlb edilərək ərzaq israfı və itkilərin qarşısının alınması və əlavə dəyərin qatılmasıyla yeni məhsulların istehsalı məqsədilə həmin müəsssisələrin emal gücünün təhlili və mövcud vəziyyəti barədə verilmiş sualı cavablandırıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.