İqtisadi Elmi Tədqiqat İnsititutunun (ESRI) Elm və tədris şöbəsinin elmi işçisi Elsevər Lətifli təlimçilər üçün təlimdə iştirak edib. O, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində icra edilmiş CAREC Proqramına üzv ölkələrin iştirakı ilə azad ticarət sazişlərinin hazırlanması və icrasında bilik və bacarıqların gücləndirilməsi” regional texniki yardım layihəsi üzrə 26-28 yanvar 2023-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində azad ticarət sazişləri üzrə təlimçilərin regional təliminin 2-ci mərhələsini uğurla başa vurub. Təlim zamanı CAREC proqramına üzv ölkələrdə sözügedən istiqamətdə təcrübəli nümayəndələrin hazırlanması, onların bilik və bacarıqlarının gücləndirilməsi və gələcəkdə əldə edilmiş bilik və bacarıqların hər bir ölkə üzrə tətbiq edilməsi kimi məsələlərin müzakirəsi aparılıb. Bununla yanaşı tədbirdə təlimin 1-ci mərhələsinin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq məsləhətçilər CAREC İnstitutunun və AİB-in ekspertləri ilə birlikdə təlimləri iki mərhələdə keçiblər: birinci mərhələ video mühazirələr ilə onlayn, ikinci mərhələ isə interaktiv seminarlar şəklində təqdim olunub. Təlim nəticəsində benefisiar ölkələrin hər birində CAREC proqramının potensialın gücləndirilməsi səylərini dəstəkləyə bilən və hökumətlərə gələcək azad ticarət sazişləri danışıqlarına hazırlaşarkən resurs kimi xidmət edə biləcək yeni səlahiyyətli ekspertlər qrupunun yaradılması gözlənilir.
Seminar iştirakçılara təlimin birinci (onlayn) mərhələsində əldə etdikləri bilikləri tətbiq etməyə imkan verəcək üç fərqli interaktiv tapşırıq şəklində keçirilib. Təlimdə PMCG şirkətinin Ticarət siyasəti sektorunun müdiri Mikheil Janelidze, həmin şirkətin eksperti Saymon Leysi, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iqtisadi məsələlər üzrə mütəxəssisi Aleksey Kravçenko, AİB-in regional əməkdaşlıq üzrə baş mütəxəssisi Zulfiya Karimova və AİB-in iqtisadçısı Pramila Kivelli, CAREC İnstitutunun ekspertləri Rövşən Mahmudov və Qulam Səməd hər bir tapşırıqdan sonra komandalara öz rəylərini təqdim ediblər.