logo
“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib

10 fevral 2023-cü il tarixində İqtisadiyyat Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib. Tədbirə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında qurumların rəhbərlikləri, millət vəkilləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları qatılıblar.

Konfransın açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ulu öndər haqqında film nümayiş etdirilib.

Tədbiri açmış Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bildirib ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm komponentlərindən biri – güclü milli iqtisadiyyatın qurulması istiqamətində böyük uğurlar əldə edilib. O cümlədən Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da ümummilli liderin birbaşa təşəbbüsü və iştirakı ilə qurulub.

Tədbirdə çıxış etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin ölkənin iqtisadi tərəqqisi və sahibkarlıq mühitinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb: “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” tezisi ilə vergi siyasətinin milli iqtisadi strategiyanın mühüm tərkib hissəsi kimi aparıcı rolunu qeyd etmiş ümummilli lider müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir”. Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən əsaslı surətdə yenidən qurulub. 2022-ci ildə neft və qaz qiymətlərinin müsbət dinamikasının yüksək səviyyəsinə baxmayaraq dövlət büdcəsi gəlirlərinin 50 faizinin qeyri-neft/qaz sektoru hesabına formalaşdığını qeyd etmiş nazir büdcə gəlirlərinin artmasında və əldə olunan uğurlarda vergi orqanlarının əhəmiyyətli roluna diqqət çəkib. Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyalarının mühüm rol oynadığını bildirmiş M. Cabbarov qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəflərini açıqlayıb. O, bu hədəflərin ilk növbədə iqtisadi təşviq əsasında reallaşdırılacağını vurğulayıb: “Biz bunu işğaldan azad edilmiş ərazilərin nümunəsində görürük. Bildiyiniz kimi, bu ilin əvvəlindən cənab Prezidentin tapşırıq və təşəbbüsünə əsasən, vergi, sosial müdafiə, gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib”. Nazir qeyd edib ki, vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi mühüm istiqamətdir. Xüsusilə son aylar ərzində DVX ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın sinxronlaşdırılması qeyd edilməlidir. Bu faktiki olaraq vergi ödəyiciləri üçün eyni yanaşmaların tətbiqinin təmin edilməsinə imkan verib və hər iki qurumun fəaliyyətinin səmərəliliyini artırıb.

Daha sonra konfrans “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularında sessiyaları ilə davam etdirilib.

“Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti” mövzusuna həsr edilmiş ilk sessiyasında İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mahir Hümbətov ulu öndər Heydər Əliyevin iqtisadi və siyasi sahədə həyata keçirdiyi islahatların hazırda iqtisadiyyatın inkişafına təsir göstərən sub-sektorlarda real nəticələrini göstərdiyini bildirib.

Mahir Hümbətov ulu öndərin 2002-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (“İƏT”) çərçivəsində tədqiqat mərkəzi formalaşdırmaq və bu mərkəzin Azərbaycanda yerləşməsi ilə bağlı göstərdiyi təşəbbüsü qeyd edərək yaxın günlərdə İƏT-in tədqiqat mərkəzinin Bakıda təsisi ilə bağlı nailiyyət əldə edildiyini və Pakistanın da rəsmi olaraq bu əməkdaşlığa qoşulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı Mahir Hümbətov ulu öndərin 1990-cu ilin əvvəllərində təməlini qoyduğu iqtisadiyyatın inkişafına təsir göstərən sub-sektor olan nəqliyyat sahəsində də, xüsusilə infrastruktur layihələri, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, işğaldan azad olunmuş ərazilərdə, eyni zamanda digər regionlarda olan hava limanları, həmçinin Azərbaycanın coğrafi mövqeyindən faydalanaraq iqtisadiyyata töhvə verməsi üçün nəqliyyat amillərinin artırılması istiqamətində uğurlar əldə edildiyini bildirib. O, həmçinin qeyd edib ki, ulu öndər tərəfindən fundamental əsaslarının qoyulduğu qeyri-neft sektorunda, təhsil və torpaq islahatları sahəsində, özəlləşdirmə və dövlət əmlakının qorunması prinsiplərində, eləcə də ölkə iqtisadiyyatının transformasiyası zamanı ölkəmizin iqtisadiyyatını, infrastrukturunu, dövlət şirkətlərini, strateji obyeklərini bazar iqtisadiyyatına keçid dövrü dələduzlarından müdrikcəsinə qoruması və s. kimi sahələrdə də uğurlu addımlar atılıb. Mahir Hümbətov qeyd edib ki, ulu öndərin prezidentliyi dövrləri ikiqat vergiyə cəlb olunmanın ləğv edilməsi istiqamətində razılaşma əldə edilmiş ölkələrin, xüsusilə strateji ölkələrin sayının artması ilə yadda qalıb.

Yekunda qeyd olunmuş mövzularda geniş fikir mübadiləsi aparılıb.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.