logo
ADA Universitetində “Çin 2023 — Açılış: Cənubi Qafqaz və Mərkəzi Asiya üçün nəticələr” mövzusunda tədbir keçirilib

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu “PAŞA Holding” ilə əməkdaşlıq çərçivəsində 23 fevral 2023-cü il tarixində “Çin 2023 — Açılış: Cənubi Qafqaz və Mərkəzi Asiya üçün nəticələr” mövzusunda dəyirmi masa müzakirəsi keçirib.

Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov, həmçinin "Paşa Holding"in, Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri, müxtəlif beyin mərkəzlərinin əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbir ADA Universitetinin professoru Damyan Krnyeviç Miskoviçin moderatorluğunda sərbəst qaydada müzakirələr formasında keçirilib. Tədbirin mövzusu əsasən Çin Xalq Respublikasının (ÇXR) yaxın müddətdə sərhədlərini yenidən açmasının ölkə iqtisadiyyatına göstərəcəyi təsirlər və “COVID-19” ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırması barəsində olub. Görüşdə Çin iqtisadiyyatı, texnologiyası, enerji keçidi və korporativ idarəetmə kimi mühüm mövzular müzakirə edilib.

Tədbirdə "McKinsey&Company"nin Şanxay ofisinin böyük partnyoru Yermolay Soljenitsin əsas məruzəçi qismində çıxış edib. O, ÇXR-in 2020, 2030 və 2050-ci illər üzrə qeydə alınmış və gözlənilən İstehlakçı İnam İndeksi (CCI), Ümumi Daxili Məhsulda sektorların payı və inkişaf dərəcələri, Kəmər və Yol təşəbbüsü, yaşıl enerjidən istifadənin karbon emissiyasında rolu, əhalinin yaş göstəriciləri və əmək qabiliyyəti üzrə cari vəziyyəti, qeyri-maliyyə sektoru, Azərbaycan və Cənubi Qafqaz, Mərkəzi Asiya, Amerika Birləşmiş Ştatları və Çinin qonşuları kimi dövlətlər, şirkətlər və şəxslər üçün aça biləcəyi imkanlar ilə bağlı mövzulara toxunub. Təqdimatın sonunda Yermolay Soljenitsin ÇXR-in sərhədlərinin açılmasının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə təklif-dəyər zəncirlərinin yaradılması, hazır məhsulların transit keçidi qaydalarının səmərəli həyata keçirilməsi, mənşə ölkəsi maneələri nəzərə alınmaqla yeni sənaye sahələrinin inkubasiya edilməsi, turizm və digər sahələrin inkişafında öz təsirini göstərəcəyini qeyd edib. 
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.