logo
ESRI əməkdaşları İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 26-cı iclası çərçivəsində görüşlərdə və qapalı toplantılarda iştirak ediblər

İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) əməkdaşları 23-24 yanvar 2023-cü il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Daşkənd şəhərində keçirilmiş 26-cı iclasın çərçivəsində keçirilmiş görüşlərdə iştirak ediblər. İşgüzar səfərdə ESRI-ni Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı elmi işçisi Natiq Mədətov və həmin şöbənin elmi işçisi Şükür Quliyev təmsil ediblər.

24 yanvar 2023-cü il tarixində keçirilmiş Nazirlər Şurasının iclası tarixi hadisə ilə yadda qalıb. Belə ki, Pakistan İslam Respublikası da artıq Azərbaycan və Türkiyə tərəfindən imzalanmış və işləri ESRI tərəfindən icra edilməkdə olan İƏT Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayaraq üçüncü belə ölkə olmaqla mərkəzin fəaliyyətə başlaması üçün yetərsayı təmin edib.

Qeyd etmək lazımdır ki, bu prosesin ərsəyə gəlməsi naminə ESRI aktiv təbliğat və təşviqat işləri aparıb. İstər İƏT, istərsə də CAREC proqramı çərçivəsində Pakistanın müvafiq dövlət qurumlarına bağlı bir sıra beyin mərkəzləri İƏT Tədqiqat Mərkəzi və dost ölkə Pakistanın mərkəzin fəaliyyətə başlamasındakı mümkün rolu barədə məlumatlandırılıb və ölkələrinin də bu tədqiqat mərkəzinin yaradılmasına dəstək verməsi istənilib. 

Ölkə başçısı tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, əslində, İƏT Tədqiqat Mərkəzinin fəaliyyət sənədlərinin yekunlaşdırılması və mərkəzin fəaliyyətə başlaması nöqteyi-nəzərindən mənəvi məsuliyyət yaradır. Belə ki, İƏT Tədqiqat Mərkəzinin yaradılması təklifi ulu öndər Heydər Əliyevin təşəbbüsüdür və bu təşəbbüsün onun 100 illik yubileyi ərəfəsində həyata keçirilməsi ümdə mənaya sahibdir.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.