logo
ESRI əməkdaşları İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 33-cü iclasında iştirak ediblər

İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı elmi işçisi Natiq Mədətov və həmin şöbənin elmi işçisi Şükür Quliyev 16-19 yanvar 2023-cü il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının (RPŞ) 33-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Tehran şəhərində işgüzar səfərdə olublar

4 gün ərzində İƏT-ə üzv dövlətlər fiziki və onlayn formatda tədbirdə təmsil olunublar. Səfər zamanı ESRI əməkdaşları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olublar. Ümumiyyətlə, iclas çərçivəsində keçirilmiş iclaslarda ESRI, XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Milli Məclis və Dövlət Turizm Agentliyinin nümayəndələri fiziki şəkildə iştirak ediblər. ESRI nümayəndələri 19 yanvar 2023-cü ildə keçirilmiş İqtisadi Tədqiqat və Statistika iclasında ölkəmizi və qurumumuzu təmsil ediblər. İclas zamanı İƏT “İqtisadiyyat” jurnalı, İƏT Tədqiqat Mərkəzi və beynəlxalq tədbirlər üzrə fəaliyyət göstərilib və əsas çıxışçı qismində təqdimatlar edilib.

Reqlamentə və iclas sədrinin razılığına uyğun olaraq Natiq Mədətov tərəfindən iclasda iştirak etmiş üzv dövlətlərin nümayəndələrinə müfəssəl formada təqdimat edilib. Təqdimat zamanı İƏT Tədqiqat Mərkəzinin yaradılmasının tarixçəsi, bu istiqamətdə görülmüş işlər və gələcək mərhələlər, eləcə də İƏT “İqtisadiyyat” jurnalının mövcud vəziyyəti, çatışmazlıqlar, onların həlli yolları, məqsədlər və jurnalın yeni konsepsiyası barədə məlumat verilib. Həmçinin sözügedən məsələnin İƏT Nazirlər Şurasının Daşkənd şəhərində keçirilmiş 26-cı iclasının kommünikesinə salınmasına nail olunub.

Müzakirələr zamanı Azərbaycanın İƏT-də öz sədrliyi dövründə 3-cü İƏT Beyin Mərkəzləri Forumuna ev sahibi olmaq niyyəti bildirilib və bu üzv dövlətlərin nümayəndələri ilə razılaşdırılıb. Forumu Azərbaycan adından ESRI təşkil edəcək və onun ehtimal edilən keçirilmə tarixi kimi 2023-cü ilin 4-cü rübü nəzərdə tutulur. 
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.