logo
İqtisadi Elmi Tədqiqat İnstitutunda mətbuat konfransı keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin ötən il üzrə fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı mətbuat konfransı keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin (İnstitut) ötən il üzrə fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı mətbuat konfransı keçirilib. İnstitutun İdarə Heyətinin sədri Mahir Hümbətov rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib .
Məlumat verilib ki, İnstitutda müxtəlif mövzularda iqtisadi strategiya və  proqramların hazırlanmasında iştirak edib. İnstitutda müxtəlif sahələr üzrə tədqiqatlar aparılıb “Ağıllı şəhər” konsepsiyasının inkişafı üzrə rəqəmsal texnologiyaların aparıcı rolu barədə müxtəlif ölkələrin qabaqcıl təcrübəsi öyrənilib. 2022-ci ildə İnstitut nümayəndələrinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatı, CAREC İnstitutu, Polşanın Şərqi Araşdırmalar İnstitutu və “Bloomberg L.P.” şirkəti, Gürcüstanın “ISET” Siyasət İnstitutu, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu və s. qurumlarla birgə tədbir və görüşlər keçirilib, əməkdaşlıq əlaqələri qurulub. Həmçinin, İnstitut Şanxay Əməkdaşlıq Təşkilatının Forumuna üzv seçilib.
Bildirilib ki, İnstitutun doktorantura üzrə ixtisaslarının sayı 6-dan 12-yə, ixtisaslar üzrə yerlərin sayı 18-dən 33-ə çatdırılıb, doktorantura və dissertanturaya qəbul olmuş namizədlərin sayı 2 nəfərdən 15 nəfərə yüksəlib. 2022-ci ildə 11 doktorant dissertasiya işlərini tamamlayaraq ilkin müzakirədən, 6 nəfər isə müdafiədən keçib. “Texnoloji innovasiyalar iqtisadiyyatı”, “Müəssisələrin təşkili və idarə edilməsi”, “Sənayenin təşkili və dövlət siyasəti” və “Ekonometriya: iqtisadi statistika” ixtisasları üzrə minimum imtahanların proqramları hazırlanaraq Ali Attestasiya Komissiyasına təqdim edilib.
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq İnstitut tərəfindən ümumrespublika və beynəlxalq elmi məqalə müsabiqəsinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfransın keçirilməsi, eləcə də İnstitutun təşkilatçılğı ilə 3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunun təşkili planlaşdırılır.
Qeyd olunub ki, bu il ərzində İnstitutun 3 dildə (Azərbaycan, rus, ingilis) rəsmi internet səhifələri (www.esri.gov.az / və www.theesri.com) və sosial şəbəkə səhifələrinin fəaliyyətə başlaması nəzərdə tutulur. Həmçinin, qurumun elektron kitabxanası və vahid elektron jurnal platforması yaradılmaqdadır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.