logo
ESRI əməkdaşları Daşkənd Dövlət İqtisad Universitetində olublar

İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları Özbəkistan Respublikasına işgüzar səfər çərçivəsində Daşkənd Dövlət İqtisad Universiteti (DDİU) ilə görüş keçiriblər. Görüşdə DDİU-nun prorektoru, iqtisad elmləri doktoru Mukhiddin Kalonov, Beynəlxalq əməkdaşlıq və protokol departamentinin rəhbəri Laylo Yakşıboeva və həmin departamentin meneceri Mirazam Mirsolikhov iştirak ediblər. Görüş zamanı cənab Kalonov DDİU-nun tərkibində faəliyyət göstərən İqtisadi İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verərək ESRI ilə ortaq fəaliyyət nöqtələrinə toxunub və tərəflər mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Onu qeyd etmək lazımdır ki, görüş qarşı tərəfin şəxsi istəyi ilə Azərbaycan, özbək və türk dillərinin harmoniyası əsasında keçirilib.

Görüş zamanı təmsil edilmiş qurumlar haqqında qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb. Qonaq elmi işçi, doktorantların mübadiləsi, doktorantların birgə məqalələrinin hazırlanması, birgə nəşr və qrant müsabiqələrinə müraciət etmə istiqamətlərində ortaq maraq və potensialın olduğu müəyyənləşdirilib. ESRI nümayəndələri Natiq Mədətov və Şükür Quliyev təmsil etdikləri qurumun fəaliyyətləri haqqında

məlumat verdikdən sonra DDİU-dan olan həmkarları 2023-cü ilin 4-cü rübündə ESRI tərəfindən keçirilməsi nəzərdə tutulan Üçüncü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumuna dəvət ediblər.

Yekunda qarşı tərəf ESRI ilə anlaşma memorandumunun imzalanmasında və bu memoradum çərçivəsində yuxarıda qeyd edilmiş və digər birgə addımların atılmasında maraqlı olduğunu bildirib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.