Görüşdə Harvard Universitetinin İnkişaf Laboratoriyası tərəfindən layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib və tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Harvard Universitetinin İnkişaf Laboratoriyasının (Growth Lab) nümayəndələri ilə hibrid formatda görüş keçirilib.
Görüşdə Growth Lab-dən fiziki formatda Ridhi Aqarval, onlayn formatda isə Alexandro Rueda Sanz, Nikita Taniparti, Farah Kaddah, Sofiya Henn, Feliçia Belosteçiniç iştirak ediblər.
Görüşdə Harvard Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədqiqat və təhsil-təlim layihəsinin müzakirəsi aparılıb. N. Taniparti layihənin uğurlu gedişatı üçün dataların böyük əhəmiyyət kəsb etdiyini bildirib və layihə barədə ümumi məlumat verib.
R. Aqarval isə Azərbaycana ezam çərçivəsində layihənin daxili maraqlı tərəfləri ilə görüşlər keçirdiyini qeyd edib və ESRI ilə yaxından əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov Harvard Universiteti ilə tədqiqat, təhsil və təlim layihəsinin Katibliyi və İşçi Qrupunun yaradıldığını, İnstitutdan həmkarların bu strukturlara üzvlüyünə namizədliyinin verildiyini diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, ESRI bu layihədə təmsil olunan yeganə beyin mərkəzidir və bu istiqamətdə bütün mümkün dəstəyi göstərəcəkdir.
M. Hümbətov Harvard Universitetinə ESRI-yə olan marağına görə təşəkkür edib və ESRI-nin mövcud layihə çərçivəsindən kənarda da bütün əməkdaşlıq imkanlarına açıq olduğunu bildirib.
Daha sonra ESRI-nin Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev layihə çərçivəsində data toplanmasından bəhs edib və bunun layihənin bünövrəsini təşkil etdiyini qeyd edib.
Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin böyük elmi işçisi İlham Hümbətov öz növbəsində dövlət şirkətləri barədə məlumat verib. O həmçinin tədqiqat metodologiyası haqqında diskussiya aparıb.
Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov isə qeyri-neft sektorunun məhsullarının ixracından, eləcə də ixrac strategiyasından bəhs edib.
Sonda tərəflər bu kimi görüşlərin davamlı olmasında həmfikir olduqlarını bəyan ediblər.