BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ölkəmizdə minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin ardıcıl artırılmasına diqqət çəkib.
14 iyun 2023-cü il tarixində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inkluzivlik” mövzusunda ikinci dialoq keçirilib.
Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi Siyasətin Təhlili şobəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil edib.
Konfransı giriş sözü ilə açmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın BMT-nin qlobal inkişaf istiqamətində səylərini yüksək qiymətləndirdiyini, qarşıdakı illərdə qurumun fəaliyyət intensivliyini artıracağına ümid etdiyini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva isə Azərbaycanın DİM istiqamətində gördüyü işlərdən bəhs edib. O, Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin ardıcıl artırılmasına diqqət çəkib. O, həmçinin regionların sosial-iqtisadi inkişafına dair məqsədyönlü proqramların qəbul edilməsi ilə bağlı aparılan islahatları vurğulayıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməkdaşlıq məsələləri üzrə koordinatoru Viktor Bojkov Azərbaycanın sosial-iqtisadi inkişafa dair qəbul etdiyi strategiyadan, son illər ölkəmizdə iqtisadi sabitliyin təmin olunmasından, iqtisadiyyatın sürətlə şaxələnməsindən bəhs ediblər.
Tədbir panel müzakirələri ilə davam edib.