logo
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalına məqalə qəbulu

İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) baş redaktorluğunu həyata keçirdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalına məqalə qəbulu üçün dəvət elan edir. Bu jurnal İƏT-ə üzv dövlətlər (Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistan) və dünya ictimaiyyətindən ziyalı iqtisadçılar, siyasətçilər və tədqiqatçıların İƏT regionunun iqtisadi inkişafı və stabilliyinə töhfə verən fikirlərini, təhlillərini və innovativ ideyalarını təqdim etmək üçün platforma rolunu oynayır. Biz İƏT regionunun iqtisadi dinamikasını tədqiq etməyə yönələcək, region ölkələrinin iqtisadi gələcəyinin formalaşdırılmasında həlledici olacaq mövzuları vurğulayan akademik və siyasət yönümlü tədqiqat işləri axtarırıq.

Jurnal haqqında: “İqtisadiyyat” jurnalı İƏT-in fərqli baxışlarla zəngin və dərin təhlillər təqdim edən qabaqcıl nəşrlərindən biri kimi tanınır. Hər bir buraxılışda sosial-iqtisadi inkişaf tendensiyaları, regional inteqrasiya və İƏT ölkələrinin iqtisadi potensialı daxil olmaqla bir çox mövzuları əhatə edən hərtərəfli analitik icmal təqdim olunur. Jurnal qlobal iqtisadi çağırışlara, bu çağırışların bilik mübadiləsinə və əməkdaşlıq mədəniyyətini inkişaf etdirən regional təsirlərinə xitab edir. Jurnalın əhatə dairəsinə ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, infrastrukturun inkişafı, texnoloji irəliləyişlər və maliyyə əməkdaşlığı kimi bir sıra iqtisadi mövzular daxildir. Bu, innovativ həllər axtarmaq, ideya mübadiləsini təşviq etmək və inklüziv inkişaf üçün iqtisadi islahatları təşviq etmək istiqamətində kollektiv məqsədimizi göstərir.

Məqalələrin əhatə dairəsi:  Biz istər İƏT regionu üçün aktual olan iqtisadi problemlərin vahid mənzərəsini təqdim edən, istərsə də bütövlükdə regiona, ölkələrə və ya ikitərəfli və üçtərəfli əlaqələrə istiqamətlənən məqalələri jurnalda çap edilməsi üçün qəbul edirik. İştirakçılar regionun iqtisadi mənzərəsinin başa düşülməsinə və irəliləməsinə əhəmiyyətli dərəcədə töhfə verən fikirlərini və təhlillərini təqdim etməyə dəvət edilirlər.

Müəlliflər üçün təlimat və baxılma prosesi: Bütün məqalələr müəlliflər üçün təqdim olunan təlimatlara uyğun olmalıdır. Bu standartlara uyğun gəlməyən məqalələr ilkin baxış mərhələsindən kənarda qalacaqdır. Keyfiyyət və uyğunluğu təmin etmək üçün hər bir məqalə ciddi və ədalətli ekspert baxışından keçiriləcəkdir. Baxış prosesində məqalələr onların əhəmiyyəti, orijinallığı və oxucularımız üçün uyğunluğu əsasında qiymətləndiriləcəkdir. Baxışın mümkün nəticələrinə məqalənin qəbulu, şərti qəbulu və ya imtinası daxildir. Şərti olaraq qəbul edilən məqalələr bir neçə qiymətləndirmə və düzəliş mərhələsindən keçəcəkdir. Məqalənin yekun qəbulu üçün isə müəlliflərdən bu mərhələlərdə təqdim edilmiş rəyləri, şərhləri və tövsiyələri nəzərə almaqları gözlənilir.

Məqalələrinizi office@esri.gov.az imeyl ünvanına mövzu hissəsində ECO Economic Journal yazmaqla təqdim etməyinizi xahiş edirik.

Məqalələrin son qəbul tarixi: 7 mart, 2025.

Fikirləriniz və araşdırmalarınız dəyərlidir. İƏT regionunun iqtisadi portretini inkişaf etdirmək üçün bu təşəbbüsə qoşulmağa tələsin. Məqalənizi təqdim edin və bu nüfuzlu iqtisadi dialoqun bir hissəsi olun.

Əlavə məlumat üçün: office@esri.gov.az

 

MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMATLAR

Format. Məqalələr Amerika Psixoloqlar Assosiasiyasının (APA) Nəşrlər üzrə Təlimatının 7-ci redaksiyasındakı qaydalara əməl edərək yazılmalıdır. Məqalələr “Microsoft Word” proqramında (21 sm x 29,7 sm), 12 ölçülü “Georgia” şriftindən istifadə edərək, səhifə kənarlarında 2,5 sm məsafə buraxaraq, paraqraflar sol kənar üzrə düzlənərək, səhifələr sağ yuxarı küncdə nömrələnərək və sətirlərarası məsafə üçün 2,0 boşluq buraxılaraq (cədvəl və şəkillərdə sətirlərarası məsafə bir boşluqlu ola bilər) yazılmalıdır.

Birinci səhifə. Birinci səhifədə məqalənin başlığı, müəllifin adı, imeyl ünvanı, təşkilat və ölkənin adı, xülasə, açar sözləri və giriş hissəsi yer almalıdır.

1. Sərlövhə. Sərlövhə yağlı-qara və mərkəzlənmiş, 14 ölçüdə olan “Georgia” şriftində (böyük hərflər) olmalıdır. Bir sətir buraxdıqdan sonra müəlliflərin adı, soyadı və imeyl ünvanları 12 ölçülü şriftlə yazılmalıdır. Bir əlavə sətir buraxaraq müəllifin təşkilatının adı, ünvanı (şəhər) və ölkəsi 12 ölçüdə olan kursiv şriftlə yazılmalıdır.

2. Xülasə. Xülasə 200 sözdən çox olmamalı, sadə 12 ölçülü şriftdə yazılmalı və tədqiqat mövzusu, istifadə olunmuş araşdırma metodları və əsas nəticə və qənaətlər kimi məqalənin zəruri elementlərini əhatə etməlidir. O, dəqiq, yığcam olmalı və tədqiqatın əsas məqamlarını əhatə etməlidir.

3. Açar sözlər. Xülasədən sonra müəllif nöqtəli vergüllərlə ayrılmış 6 açar sözün siyahısını təqdim etməlidir. Bu açar sözləri məqalədə istifadə edilən ən vacib mövzuları, üsulları və/və ya çərçivələri göstərməlidir. Açar sözləri sadə 12 ölçülü şriftlə yazılmalıdır.

Məzmun: Məqalənin əsas hissəsi APA formatına uyğun olaraq 12 ölçülü şriftlə yazılmalıdır.

1. Başlıqlar. Başlıqlar sol kənar üzrə düzlənmiş ərəb rəqəmləri ilə nömrələnməli və 12 ölçülü qalın şriftdən istifadə edilərək yazılmalıdır. Bölmələr arasında və başlıqla əsas mətn arasında bir tam sətir boşluğu buraxılmalıdır. Bölmələr daxilində paraqrafda 5 simvol abzas buraxılmalıdır.

2. Alt-başlıqlar. Alt-başlıqlar (əgər varsa) sol kənar üzrə düzlənməli, 12 ölçülü qalın şriftdə yazılaraq ərəb rəqəmləri ilə nömrələnməlidir (birinci rəqəm onun hansı bölməyə məxsus olduğunu, sonrakı isə sıra sayını bildirir (məsələn: 2.1 və ya 2.1.1).

3. Tənliklər. Bütün tənliklər aydın təyin edilməli və məqalənin əvvəlindən ardıcıl olaraq nömrələnməlidir. Onlar sadə qaydada nömrələnməlidir. (1), (2), (3) və sairə. Tənliklər səhifədə mərkəzlənməli və ərəb rəqəmləri ilə qeyd edilərək sağ kənar üzrə düzlənməli, mötərizədə olmalı və yalnız mətndəki rəqəmlərə istinad etməlidir.

4. Cədvəl və Şəkillər. Cədvəl və şəkillər məqalənin əvvəlindən ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Rəqəmlər cədvəl/şəkillərin mətndəki mövqeyinə adekvat olaraq verilir, qalın şriftdə və sol kənar üzrə mərkəzlənmiş olur. Bütün cədvəl/şəkillərin başlığı olmalıdır. Başlıq 12 ölçülü “Georgia” şrifti ilə yazılaraq sol kənar üzrə düzlənməli (cədvəl/şəklin üzərindən) və cədvəl/şəkil nömrəsinin aşağısında onun baş hərfləri kursivlə yazılmalıdır və başlıqla rəqəm arasında boş sətir buraxılmalıdır.

Bütün cədvəl və şəkillərə mətndə istinad edilməlidir. Cədvəl və şəkillərə istinad edildikdən sonra onlar müvafiq olan birinci yerə daxil edilməlidir. “PNG” və “JPEG” formatları şəkillər üçün münasib sayılır.

Məqalədə istifadə edilmiş şəkillərin/cədvəllərin müvafiq proqramdan/proqram təminatından istifadə edilərək çıxarılmış orjinalları məqalə ilə birlikdə təqdim edilməlidir.

İstinadlar. Mətndaxili sitatlar və istinadlar siyahısı üçün APA formatı istifadə edilməlidir.

1. Mətndaxili sitatlar. Mətndaxili sitatlar mötərizədə verilməli, müəllifin və nəşrin dərc edildiyi il göstərilməlidir.

Misallar:

  • bir müəllifin işi – (Nielsen, 2017);
  • iki müəllifin işi – (Sadigzade & Nasibov, 2022);
  • üç və ya daha çox müəllifin işi – (Huseynova və b., 2019);
  • eyni müəllfin eyni ildə yazdığı iki və ya daha çox işi – (Berndt 1981a; Berndt 1981b);
  • müəllif qismində təşkilat (Qida və Dərman Administrasiyası [FDA], 2019);
  • sitatlar üçün – (Yanmaz, 2018, s. 12).

2. Ədəbiyyat siyahısı. Məqalədə qeyd edilmiş hər bir mənbə ədəbiyyat siyahısında olmalıdır. Ədəbiyyat siyahısında birinci istinaddan sonra gələn bütün sətirlər üçün sol kənardan 1,27 sm ölçüdə abzas buraxılmalıdır. İstinadlar əlifba sırası üzrə olmalı və APA 7-ci redaksiyanın formatına uyğun gəlməlidir.

Müəllif göstərilməklə Creative Commons Lisenziyası: Müəlliflər məqalənin müəllif göstərilməklə Creative Commons  4.0 Lisenziyasının şərtlərinə müvafiq olaraq nəşr edilə bildiyini təsdiq edirlər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.