İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edir.
Sənəd qəbulu prosesi onlayn qaydada Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 16 aprel – 15 may 2024-cü il tarixləri arasında həyata keçiriləcək
Qəbul 12 ixtisas üzrə aparılır:
5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi;
5302.01 - Ekonometriya; iqtisadi statistika;
5303.01 - Mühasibat uçotu;
5304.01 - İqtisadi fəaliyyət növləri;
5306.01 - Texnoloji innovasiyalar iqtisadiyyatı;
5307.01 - İqtisadi nəzəriyyə;
5308.01 - Ümumi iqtisadiyyat;
5309.01 - Sənayenin təşkili və dövlət siyasəti;
5310.01 - Dünya iqtisadiyyatı;
5311.01 - Müəssisələrin təşkili və idarə olunması;
5312.01 - Sahə iqtisadiyyatı;
5313.01 - Demoqrafiya.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil səviyyəsinin magistratura pilləsini bitirən/bitirmiş (magistr dissertasiyasını müdafiə edən/etmiş), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirmiş şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul ola bilməz.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (ingilis, fransız, alman dillərindən biri), fəlsəfədən və ixtisas fənnindən ali təhsil səviyyəsinin magistratura pilləsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil səviyyəsinin magistratura pilləsini bitirən/bitirmiş (magistr dissertasiyasını müdafiə edən/etmiş), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Bu yolla fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (ingilis, fransız, alman dillərindən biri) ali təhsil səviyyəsinin magistratura pilləsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verirlər. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlər üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Tələb olunan sənədlər:
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri üzrə
- ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
- tərcümeyi-hal;
- 4 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomlar və diplomlara əlavələrin notarial qaydada təsdiq edilmiş surətləri (əsli şəxsən təqdim edilir) (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir);
- şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).
Əlavə olaraq doktoranturada fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə və əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış (iş stajı olanlar üçün).
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi işin adı, çap olunma tarixi, nəşr edildiyi jurnal/konfrans və s. göstərilməklə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış.
Qeyd edək ki, doktoranturaya qəbulla əlaqədar keçirilən müsabiqədə imtahanlardan eyni bal toplamış iddiaçılar arasından bakalavriat və magistratura üzrə daha yüksək GPA (Grade Points Average – orta qiymət balları) bala malik, ilkin elmi mövzularının aktuallığı nəzərə alınmaqla tədqiqat və analitika qabiliyyəti və təcrübəsi olan, xarici dili (dilləri) daha yaxşı səviyyədə bilən şəxslərə üstünlük veriləcəkdir.
İnstitutun doktorant və dissertantı adını qazanacaq, potensial baxımdan layiqli namizədlərə müvafiq qanun çərçivəsində İnstitutun gələcək strukturunda əmək fəaliyyətinə cəlb edilmə imkanı yaradılacaqdır.
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin doktoranturaya qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə elmi müəssisə ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə ilə həyata keçirilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır.
Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
Əlavə məlumat üçün əldə etmək üçün office@esri.gov.az e-mail ünvanına müraciət edə bilərsiniz.
Təhsilini daha yüksək pillədə davam etdirmək istəyən hər kəsə uğurlar diləyirik!