logo
Vaqif Rüstəmov
Rəhbərlik dövrü: 2004-2006

1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinin riyaziyyatçı və riyaziyyat müəllimi ixtisas peşələrinə yiyələnib. 1981-1985-ci illərdə müxtəlif məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1985-1989-cu illərdə Azərbaycan Respublikası EA Kibernetika İnstitutunun aspiranturasını bitirib.  Bitirdiyi il İnstitutun “Kibernetika” Xüsusi Konstruktor Bürosunda iqtisadçı-mühəndis vəzifəsinə təyin olunub. 1992-ci il mart ayından Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (ETİİ) köçürülüb. Göstərilən tarixdən 1994-cü ilin iyun ayına kimi ETİİ-də kiçik elmi işçi vəzifəsində, həmin dövrdən 2007-ci ilin aprel ayına kimi ETİİ-nin bazasında yaradılan  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (30 aprel 2001-ci il tarixə kimi – İqtisadiyyat Nazirliyi) İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. 2007-ci ilin aprel ayından etibarən Yerli İqtisadi İnkişaf Mərkəzi İB-də elmi rəhbər və sədr vəzifəsində işləyib. 

1992-ci ildə “Struktur dəyişikliklərinin iqtisadi artıma təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “İqtisadi-riyazi üsullar” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış və 1999-cu ildə “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə baş elmi işçi elmi adına layiq görülüb.

60-dan çox dərc olunmuş (ölkədə və xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 1 monoqrafiya (həmmüəlliflərlə), 2 kitab – izahlı terminoloji lüğətlər (həmmüəlliflərlə), 1 kitabçanın müəllifidir.