logo
Rəhim Hüseynov
Rəhbərlik dövrü: 2002-2004

1978-1983-cü illərdə Azərbaycan neft və kimya institutunun mühəndis-iqtisadiyyatı fakültəsində təhsil alaraq mühəndis-iqtisadçı ixtisasına yiyələnib. 1983-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində iqtisadçı, böyük iqtisadçı və 1-ci dərəcəli iqtisadçı-mühəndis olaraq çalışıb. 1996-2000-ci illərdə “SİAR” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin həmtəsisçisi və baş direktoru işləyib. 2000-ci ilin may ayında Azərbaycan Marketinq Mütəxəssisləri İctimai Birliyi təsis olunarkən həmin təşkilatın idarə heyətinin sədri vəzifəsinə seçilib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) direktor müavini və direktoru vəzifələrində əmək fəaliyyətini davam etdirib. 2004-2006-cı iilərdə həmin nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru və 2009-cu ilin yanvar-may aylarında isə eyni nazirliyin nəzdində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti təyin edilib. 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda müşavir vəzifəsində çalışıb. 2013-cü ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildə Rəhim Hüseynov “Azərbaycan Respublikasında marketinq xidmətləri bazarının formalaşması xüsusiyyətləri və inkişaf problemləri” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

O, “Böyük iqtisadi ensiklopediya”-nın III cildin “Marketinqin mahiyyəti, marketinq siyasəti və marketinq strategiyası” adlı bölmənin müəllifi olub.
2014-cü il may ayının 12-də vəfat edib.