1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasında əmək fəaliyyətinə başlayıb. İnstitutda mühəndis və elmi işçi vəzifələrində çalışıb. 1980-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında oxuyub və 1985-ci ildə “Yeni təsərrüfatçılıq şəraitində kənd təsərrüfatı müəssisəsi fəaliyyətinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1988-1994-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun Elmi katibi və 1989-cu ildən isə eyni zamanda, həmin institutun “Xarici iqtisadi əlaqələr” elmi şöbəsinin müdiri vəzifələrində çalışıb. 1994-cü ildə Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun bazasında yaradılmış İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) direktor müavini təyin olunmuş, 1995-1996-cı illərdə İqtisadi İslahatlar Mərkəzinin direktoru vəzifəsini icra etmiş, 1996-cı ildən isə həmin Mərkəzin direktoru vəzifəsinə təyin olunub. 2002-2008-ci illərdə Rasim Həsənov Azərbaycan Respublikası Hesablama Palatasında şöbə müdiri və Palata Aparatının rəhbəri vəzifələrində işləyib. 2008-ci ildən Rasim Həsənov Azərbaycan Dövlət İqtisad Universitetində çalışıb. “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının professoru, 2009-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində yeni yaradılmış İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru olub.
2003-cü ildə “Azərbaycan iqtisadiyyatının islahatlaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyası problemləri” mövzusunda, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
O, 200-dən artıq elmi əsərin, o cümlədən 8 monoqrafiya və dərs vəsaitinin müəllifi və həmmüəllifidir.
Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının professorudur.