logo
Arzu Hüseynova
İdarə Heyəti sədrinin birinci müavini

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində “Tətbiqi riyaziyyat” ixtisası üzrə ali təhsil alıb. 2005-ci ildə "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi” mövzusunda namizədlik dissertasiyasını, 2016-cı ildə “Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə edib.

“Xəzri” Zaqafqaziya MTİ-də mühəndis-proqramçı, Material Ehtiyatları Nazirliyinin “Azərcihaz” idarəsində AİS şöbəsinin müdiri, Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində aparıcı mühəndis-proqramçı, AMEA Elmi İnnovasiyalar Mərkəzində direktorun birinci müavini, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) şöbə müdiri, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini vəzifələrində çalışıb. 2019-2021-ci illərdə İnstitutun direktoru vəzifəsini müvəqqəti icra edib.

Bakı Atatürk liseyində, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Qərb Universitetində, Milli Aviasiya Akademiyasında dərs deyib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasında  0,5 ştat professor vəzifəsində fəaliyyətini davam etdirir.

Azərbaycanın və bir sıra xarici jurnalların redaksiya heyətinin üzvü və baş redaktoru, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin (ICSTI) ekspertidir.

9 kitab, 100-dən çox elmi məqalə və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Hazırda İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavinidir.