logo
Mahir Hümbətov
Rəhbərlik dövrü: 2021-2023

Mahir Hümbətov

Rəhbərlik dövrü: 2021-2023

Azərbaycanda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Pedaqoji Kadrların İxtisasatırma İnstitutu, Böyük Britaniyada Durham Universiteti, Türkiyədə Dokuz Eylül Universiteti və Misirdə Qahirə Universitetlərində müxtəlif ali təhsil dərəcələri və ixtisaslar əldə edib.

İqtisadi İnkişaf Nazirliyi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Vergilər Nazirliyi və digər dövlət orqanlarında və özəl sektorda maliyyə, xidmət və istehsalatla bağlı bir neçə şirkətlərdə işləyib. Ölkəmizdə bir sıra startap və qrant layihələrinin həmtəsisçisi olub. BMT və onun təsisatları, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilat və maliyyə institutlarında komissiya üzvü və ekspert kimi fəaliyyət göstərib.

ABŞ, Böyük Britaniya, Avstriya, Almaniya, İsveçrə, Çexiya, Rusiya, Türkiyə, Malayziya, Koreya, Filippin və digər ölkələrdə qısa və ortamüddətli təlimlər keçib.

Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Çexiya, Bolqarıstan, Malayziya, Koreya universitetlərində ictimai mühazirələr deyib,  Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu və Biznes Məktəbi, Azərbaycan Universitetinin BBA və MBA proqramlarında tədris və tədqiqat fəaliyyətilə məşğul olub. Böyük Britaniyanın London Universitetində qonaq elmi işçi kimi fəaliyyət göstərib.

Azərbaycanda və xaricdə 6-sı ingilis dilində olmaqla beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq təşkilatlar, infrastruktur layihələrinin maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı, dövlət şirkətlərinin idarəedilməsi, nəqliyyat dəhlizləri, ətraf mühit və digər sahələrdə 7 kitabın, müxtəlif dillərdə və sahələrdə 70-dən çox elmi və siyasət əsaslı tədqiqatlar və məqalələrin müəllifidir.

İngilis, ərəb, fars, rus və türk dillərini bilir.

2021-2023-cü illərdə İnstitutun Direktorunun birinci müavini və direktor əvəzi, daha sonra isə İdarə Heyətinin sədri olub. Rəhbərliyi dövründə İnstitutun Prezident fərmanına əsasən publik huquqi şəxs olaraq Nazirliyin beyin mərkəzinə çevrilməsi, İnstitut tabeliyində Təlim Tədris Mərkəzi publik hüquqi şəxsin yaradılması, İnstitutun yeni brendinin (ESRI) və korporativ kimliyinin yaradılması, 3 dildə veb səhifənin və mühüm sosial şəbəkə profillərinin formalaşdırılması, ictimai olaraq ilk maliyyə hesabatı və ilk kənar audit rəyinin keçirilməsi, 60-dan çox xarici təşkilat və beyin mərkəzləriylə əməkdaşlığın formalaşdırılması, dünyanın tanınmış konsaltinq şirkəti üçün ilk dəfə olaraq İnstitut tərəfindən bir layihənin işlənməsi, doktorantura proqramının genişləndirilməsi, beynəlxalq jurnalın yaradılması və s. uğurlar əldə edilib.