Zaman keçdikcə yaşam standartları və imkanları dəyişir, elmin tətbiqi imkanları genişlənir, yeni «texnoloji nəsillər» formalaşır, lakin kitab, kitabxana mədəniyyəti öz gözəlliyini, cəlbediciliyini təbii şəkildə qoruyub saxlaya bilir.
İstənilən formada müasir texnoloji nailiyyətlərlə təmin olunmasına baxmayaraq, ixtiyari kitabxana çoxsaylı, müxtəlif çeşidli məlumatların qorunması, onların istifadəçilərə təqdim edilməsi və sonrakı nəsillərə ötürülməsində mədəni irsin qoruyucusu, eləcə də informativ-ünsiyyət vasitəsidir.
Elmi-Texniki Kitabxana 1967-ci ildən fəaliyyətə başlamışdır. Ümumi sahəsi 72 m2 olan Kitabxana fondunda mövcud olan resursların sayı 20000-dən çoxdur. Bu resurslar kataloqlar şəklində formalaşdırılmışdır.
Kitabxana gündəlik iş fəaliyyətində «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanununa əsaslanır. Kitabxana fondu mütəmadi olaraq profilə uyğun yerli və xarici ədəbiyyatlarla zənginləşdirilir. Bundan əlavə Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı Sərəncamı ilə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, M.Axundov adına Milli Kitabxanadan, F.Köçərli adına Respublika Uşaq Kitabxanasından, ABŞ Səfirliyindən, digər səfirlik və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilat və qurumlardan, müəlliflərdən və digər mənbələrdən bir sıra kitablar hədiyyə olunmuşdur.
Hal-hazırda Kitabxanaya yerli və xarici mətbuatdan müxtəlif qəzet, elmi-jurnallarla yanaşı, Azərbaycan Respublikasının Qanunvericilik toplusu, Statistika Komitəsinin nəşr etdiyi bütün statistik materiallar, avtoreferatlar daxil olur.
Kitabxana ölkədəki bir sıra kitabxanalarla - M.F.Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, AMEA-nın İqtisadiyyat İnstitutunun Kitabxanası, Respublika Elmi-Texniki Kitabxanası ilə sıx əməkdaşlıq edilir.