Forumda iqtisadiyyatın bərpası və dayanıqlığın artırılması tədbirləri müzakirə edilib.
8 – 9 iyun 2023-cü il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Çağırışların dialoq vasitəsilə həlli: Əməkdaşlığa, rifaha və tərəqqiyə doğru” mövzusunda Astan Beynəlxalq Forumu keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli təmsil ediblər.
Forumda iqtisadiyyatın bərpası və dayanıqlığın artırılması tədbirləri, karbon neytrallığı kontekstində bərpa olunan enerji mənbələrinin və karbon bazarının inkişafı, Mərkəzi Asiya regionunda nəqliyyat sektorunun inkişafı, rəqəmsallaşma tədbirləri, ticarət və logistika, qlobal təchizat zəncirinin pozulmasının ərzaq təhlükəsizliyinə təsiri kimi məsələlər müzakirələr edilib.
Forum çərçivəsində İdarə Heyətinin sədri Mahir Hümbətov bir sıra görüşlər keçirib. Belə ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerkin Tukumov, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avrasiya bölməsinin rəhbəri Uilyam Tomson, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Maryasin, Beynəlxalq Maliyyə Korporasiyasının Tacikistandakı nümayəndəliyinin rəhbəri Farux Sultonov, Rusiya Federasiyasının Energetika və Maliyyə İnstitutunun prezidenti Marsel Salıxov, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) prorektoru, RANEPA-nın Maliyyə və Dayanıqlı İnkişaf İnstitutunun direktoru Andrey Marqolin, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun baş iqtisadçısı Hans Holzhaker, Qazaxıstanın “BI Group” şirkətinin Biznesin inkişafı şöbəsinin rəhbəri Arman Baykadamov və “Roubini Macro Associates” şirkətinin baş direktoru Nuriel Rubini ilə M. Hümbətov arasında görüşlər keçirilib.
Görüşlərdə ölkələr və təşkilatlar arasındakı əlaqələrin dayanıqlı inkişafı, qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.