İclasda Azərbaycanın elmi prioritetləri barədə məlumat verilib.
23 – 24 may 2023-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində Şərq Tərəfdaşlığının (ŞT) Tədqiqat və innovasiyalar üzrə Panelinin qeyri-rəsmi işçi qrupunun 5-ci iclası keçirilib.
İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin böyük elmi işçisi, “Horizon Europe” və “COST Fəaliyyəti” proqramları üzrə milli təmsilçi İlham Hümbətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli təmsil ediblər.
Tədbirdə ŞT ölkələrinin “Horizon Europe” Proqramında iştirakı üzrə hazırkı vəziyyət, tədqiqat və innovasiyalar üzrə prioritetlərin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və əldə edilmiş nailiyyətlər, ŞT ölkələrində yaşıl və rəqəmsal transformasiyalar üzrə görülmüş tədbirlər və digər mühüm məsələlər müzakirə olunub.
Tədbirdə çıxış etmiş Elsevər Lətifli İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən rəqəmsallaşma, innovasiya və xüsusilə də rəqəmsal iqtisadiyyat işlərindən danışıb.
İlham Hümbətov da çıxışında Avropa elm məkanı daxilində Azərbaycan Respublikası və Avropa ölkələri arasında elmi əməkdaşlıq, ölkəmizin elmi prioritetləri, o cümlədən “yaşıl hidrogen” və digər bərpa olunan enerji resurslarının hasilatı üzrə tədqiqatlar barədə məlumat verib.