Aparılmış danışıqlarda dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və maliyyələşdirilməsi məsələləri müzakirə olunub.
31 may – 2 iyun 2023-cü il tarixində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən “Rəqəmsal və yaşıl transformasiyalar: İnnovasiya və dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda Forum keçirilib.
Forumda Azərbaycanı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli də təmsil ediblər.
Forum çərçivəsində Mahir Hümbətov bir sıra görüşlər keçirib. Belə ki, onun bir sıra şəxslərlə müzakirə xarakterli təkbətək görüşləri baş tutub:
- BMT-nin Avropa İqtisadi Komissiyasının Dövlət-Özəl Tərəfdaşlığı Katibliyinin Əməkdaşlıq və tərəfdaşlıq sektorunun müdiri Toni Bonnici;
- Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi üzrə Milli Ofisinin baş direktorunun müavini Bunyod Raxmatullayev;
- “Compete 2030”un İdarə Heyətinin üzvü, BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı Komitəsinin sədr müavini və BMT-nin Avropa İqtisadi Komissiyasının Transformativ İnnovasiyalar Şəbəkəsinin üzvü Joao Mendes Borqa;
- Dayanıqlı İnfrastruktur Fondunun baş icraçı direktoru Xristof Dossarps;
- Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Elm, Texnologiyalar və İKT bölməsinin rəhbəri Angel Qonzalez Sanz;
- BMT-nin İqtisadi əməkdaşlıq və ticarət departamentinin direktoru Elisabet Türk;
- Türkiyə Respublikasının Prezident Administrasiyanın Strategiya və büdcə idarəsinin Dövlət-özəl tərəfdaşlığı departamentinin mütəxəssisi Mehmet Uzunkaya.
Aparılmış danışıqlarda ölkələrdə rəqəmsallaşma və innovasiyaların tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və maliyyələşdirilməsi, iqtisadi artım, iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsi üçün dəstəkləyici innovasiya ekosisteminin zəruriliyi kimi məsələlər müzakirə edilib.