logo
Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) 7-ci Dövlət-Özəl Tərəfdaşlığı Forumu keçirilib
Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) 7-ci Dövlət-Özəl Tərəfdaşlığı Forumu keçirilib

Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının 7-ci Dövlət-Özəl Tərəfdaşlığı Forumunda qlobal, milli və şəhər səviyyələrindəki bir sıra cari və yaranmaqda olan çağırışlar və imkanlar müzakirə edilib.

3–5 may 2023-cü il tarixlərində Yunanıstanın Afina şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və Afina bələdiyyəsinin həmtəşkilatçılığı ilə “2030-un yarı yolunda: Dayanıqlı inkişaf, iqtisadi yaxşılaşma və yenidənqurmanın dəstəklənməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal və yaşıl transformasiyalar katalizi kimi” mövzusunda forum keçirilib.

Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin elmi işçisi Abbas Məmmədli təmsil ediblər.

Forumda qlobal, milli və şəhər səviyyələrindəki bir sıra cari və yaranmaqda olan çağırışlar və imkanlar, Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən dövlət-özəl tərəfdaşlığındakı yaşıl və rəqəmsal transformasiyalar, eləcə də infrastruktur layihələri müzakirə edilib. Həmçinin müzakirə edilmiş məsələlər arasında dayanıqlı dövlət-özəl tərəfdaşlığı üçün postmünaqişə yenidənqurma və iqtisadi bərpa, sirkulyar iqtisadiyyata keçid və yaşıl dövlət-özəl tərəfdaşlığı satınalmaları sahələri üçün dövlət-özəl tərəfdaşlığı vasitəsilə həll yollarının müəyyənləşdirilməsi də yer alıb.

Forum çərçivəsində İdarə Heyətinin sədri Mahir Hümbətov bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, o, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dövlət-Özəl Tərəfdaşlığı Katibliyinin Əməkdaşlıq və tərəfdaşlıq sektorunun müdiri Toni Bonnici, İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyüp Vural Aydın, Qırğız Respublikasının Dövlət-Özəl Tərəfdaşlığı Agentliyinin direktoru Sanjar Bolotov, Ukraynanın Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzinin İdarə Heyətinin sədri İrina Zapatrina, “PPP Investment Ltd” və “Smart Energy Investment Kft” şirkətlərinin baş icraçı direktoru Obrad Tadiç, Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Dövlət-Özəl Tərəfdaşlığı sahəsində meneceri Mehita Fanni, Beynəlxalq Dayanıqlı Dözümlülük Mərkəzinin baş müşaviri Deyvid Bakster ilə görüşüb.

Keçirilmiş görüşlər zamanı dövlət-özəl tərəfdaşlığı istiqamətində potensialın artırılması, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və maliyyələşdirilməsi, Azərbaycan dilində akademik və praktiki mənbələrin gücləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Həmçinin aparılmış görüşlər zamanı dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan dilində kitabın hazırlanması, 2023-cü ilin oktyabr ayında Bakıda dövlət-özəl tərəfdaşlığı istiqamətində beynəlxalq və ya ölkələrarası tədbirin keçirilməsi, BMT-nin Avropa İqtisadi Komissiyası və İqtisadi Elmi Tədqiqat İnstitutunun həmtəşkilatçılığı ilə 2024-cü ilin birinci rübündə Bakıda birgə forumun keçirilməsi təklif edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.