Görüş zamanı Azərbaycanın həm də qərbə doğru koridor kimi bir çox dövlətlər, o cümlədən Tacikistan üçün önəmi vurğulanıb.
22 – 23 may tarixlərində Tacikistanın Düşənbə şəhərində Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumunun 18-ci iclası keçirilib. Forumda Azərbaycanı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil ediblər.
Forum çərçivəsində İdarə Heyətinin sədri Mahir Hümbətov ilə Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xairiddin Usmonzodə arasında görüş keçirilib. Görüşdə cənab Usmonzodə Azərbaycanın həm də qərbə doğru koridor kimi bir çox dövlətlər, o cümlədən Tacikistan üçün önəmini vurğulayıb.
Görüş zamanı beyin mərkəzləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkilib. M. Hümbətov qarşıdan gələn aylarda ESRI tərəfindən Qonaq Elmi İşçi Proqramının həyata keçiriləcəyini bildirib.
Azərbaycan və Tacikistanın həm də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqlarını qeyd etmiş M. Hümbətov X. Usmonzodə və rəhbərlik etdiyi qurumun analitiklərini ESRI tərəfindən 2023-cü ilin 4-cü rübündə keçiriləcək 3-cü İƏT Beyin Mərkəzləri Forumuna dəvət edib.
Forum çərçivəsində M. Hümbətov bir sıra digər görüşlər də keçirib. Belə ki, Tacikistan Respublikasının keçmiş xarici işlər naziri Xamroxon Zərifi, Özbəkistanın Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitutun direktorunun müavini Şerzod Fayziyev, ŞƏT-in Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktor müavini Artur Qolovanov, Ali İqtisadiyyat Məktəbinin Dünya Nizamı və Yeni Regionalizmin Tədqiqi Laboratiryası rəhbərinin müavini Dmitri Novikov, Özbəkistan Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov, Qazaxıstanın Dünya İqtisadiyyatı və Diplomatiya İnstitutunun “Avrasiya tədqiqatları” proqramının rəhbəri Jumabek Sarabekov, Tacikistan Milli Bankının departament direktoru Hasan Kadırov, Tacikistanın Birləşmiş Krallıqda səfiri olmuş Masud Xəlifəzadə, Belarus Strateji Araşdırmalar Mərkəzinin direktoru Oleq Makarov və Belarus Dövlət Universitetinin Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Oleq Leşenyukdan ibarət Belarus nümayəndə heyəti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri Aleksandr Nikitin və Mixail Konarovski, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Çin Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Jun İn və həmin akademiyanın elmi işçisi Den Xao, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov və səfirliyin müşaviri Vüqar İbrahimov ilə M.Hümbətov arasında görüş baş tutub.
Aparılan müzakirələr zamanı ölkələrimiz arasındakı sıx iqtisadi münasibətlərin olduğuna, ticarət dövriyəsinin davamlı və dayanıqlı inkişafının təqdirəlayiq hal olduğuna diqqət ayrılıb. Həmçinin elmi və praktiki tədqiqat istiqamətində birgə səylərin artırılmasının önəmi vurğulanıb.