Azərbaycanın Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində və Şərq – Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində strateji mövqeyi və etibarlılığı onu şərq və qərb arasında əməkdaşlığın gücləndirilməsində və əlaqələrin genişləndirilməsində əsas oyunçuya çevirir.
22 – 23 may tarixlərində Tacikistanın Düşənbə şəhərində Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumunun 18-ci iclası keçirilib. Təşkilatçı tərəfindən ŞƏT-ə üzv ölkələrlə yanaşı, müşahidəçi və dialoq üzrə tərəfdaş statusuna malik olan ölkələr, o cümlədən Azərbaycan iclasda iştiraka dəvət edilib.
Forumda Azərbaycanı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil ediblər.
Tədbirdə yeni qlobal reallıqda ŞƏT-in cari vəziyyəti və inkişaf perspektivləri, multipolyar dünyada ŞƏT-in strateji istiqamətləri, eləcə də ənənəvi və qeyri-ənənəvi çağırışlar və təhlükələr qarşısında ŞƏT-in təhlükəsizlik siyasəti və digər mühüm məsələlər müzakirə olunub.
Mahir Hümbətov “ŞƏT yeni qlobal reallıqlarda: ŞƏT ailəsinin cari vəziyyəti və potensialı, ŞƏT-in inkişafı üçün imkanlar” mövzusundakı forumun birinci sessiyasında çıxış edib. O, çıxışı zamanı qeyd edib ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi statusunu yüksək qiymətləndirir və ŞƏT-in mandatının əsaslarını formalaşdıran, eləcə də Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi ilə uyğunluq təşkil edən qarşılıqlı hörmət, müştərək rifah və əməkdaşlıq əsaslı iştiraka inanır. Bu müstəvidə Azərbaycan Respublikasının Prezidentinin 15 – 16 sentyabr 2022-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş ŞƏT Sammitində fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın ŞƏT-lə artan əməkdaşlığının və ölkəmizə verilən əhəmiyyətin bariz nümunəsidir.
M. Hümbətov çıxışı zamanı Azərbaycanın Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində və Şərq – Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində strateji mövqeyinə də diqqət ayırıb. O, qeyd edib ki, bu etibarlılığı Azərbaycanı şərq və qərb arasında əməkdaşlığın gücləndirilməsində və əlaqələrin genişləndirilməsində əsas oyunçuya çevirir. Azərbaycan Çin Xalq Respublikasının “Kəmər və Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələr arasında olmaqla, nəqliyyat və infrastruktur layihələrinə fəal töhvə vermişdir. Bakı – Tbilisi – Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərqdən Qərbə və geriyə yüklərin daşınması üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini formalaşdıran mühüm təşəbbüslərdir. Ümumiyyətlə, Azərbaycan 52 gəmisi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına və 18 təyyarə ilə regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir.