İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) ilə Rusiyanın Strateji Tədqiqatlar Mərkəzi Fondu bir sıra istiqamətlər üzrə əməkdaşlıq barədə razılığa gəlib.
12 may 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları ilə Rusiyanın Strateji Tədqiqatlar Mərkəzi Fondu arasında onlayn formatda görüş keçirilib.
Tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilmiş görüşdə İnstitutu İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru, prof. Arzu Hüseynova, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, həmin şöbənin elmi işçisi Nərmin Babayeva və kiçik elmi işçisi Zenfiraxanım Quliyeva təmsil ediblər.
Görüş zamanı Strateji Tədqiqatlar Mərkəzi Fondu özəl sektora xidmət, makroiqtisadi transformasiya, təhlil və islahatlar, nəqliyyat və logistika, dövlət xidmətləri (rəqəmsallaşma) və s. sahələrdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
ESRI-nin də analoji fəaliyyətlə məşğul olduğunu qeyd etmiş əməkdaşları Rusiyanın sözügedən təşkilatı ilə əməkdaşlığın Azərbaycan Respublikası və Rusiya Federasiya arasında, o cümlədən hər iki ölkənin regionları arasında əməkdaşlığa töhfə verə biləcəyini vurğulayıblar.
Tərəflər məlumat mübadiləsi, birgə tədbirlərin təşkili və tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edə biləcəkləri barədə razılığa gəliblər.