Görüşdə Asiya İnkişaf Bankının (AİB) nümayəndəsi Kristian Rosbax növbəti beş il üçün AİB-in yeni strategiyasında Azərbaycanda əhali, dövlət və özət sektorun inkişafının prioritet məsələ olduğunu vurğulayıb.
2 iyun 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Vüqar Abbasov Asiya İnkişaf Bankının (AİB) Bakı ofisinin əməkdaşları ilə görüşüblər. AİB-in müraciəti ilə keçirilmiş görüşün məqsədi AİB-in Ölkə Əməkdaşlığı Strategiyasını müzakirə etmək və potensial əməkdaşlıq sahələrini araşdırmaq olub.
Görüşdə AİB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının bu il başa çatacağını qeyd etmiş Mərkəzi və Qərbi Asiya departamentinin Regional əməkdaşlıq və əməliyyatlar üzrə koordinasiya şöbəsinin iqtisadçısı Kristian Rosbax növbəti beş il üçün AİB-in yeni strategiyasında Azərbaycanda əhali, dövlət və özət sektorun inkişafının prioritet məsələ olduğunu vurğulayıb.
N. Mədətov öz növbəsində ESRI-nin fəaliyyət istiqamətləri və Azərbaycanın inkişafına verdiyi töhfələr haqqında qısa məlumat verib. O, Azərbaycanın bir sıra potensial inkişaf istiqamətlərində, məsələn, tullantıların idarə edilməsində, turizm, kiçik və orta sahibkarlığa dəstəkdə, rəqəmsallaşmada, regional inkişafda, qadın sahibkarlığının, xüsusilə xalçaçılıq kimi əl sənətlərinin inkişafında və işğaldan azad edilmiş ərazilərdə reabilitasiya sahələrində böyük imkanlarının olduğunu diqqətə çatdırıb.
Görüşdə AİB və ESRI-nin birgə layihə və təşəbbüslər üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılmasına dair razılaşma əldə olunub.