ESRI İdarə Heyətinin sədri Mahir Hümbətov “QazTrade” ilə əməkdaşlığın ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini bildirib.
İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) sədri Mahir Hümbətovun 8 – 9 iyun tarixlərində Qazaxıstana işgüzar səfəri çərçivəsində ESRI və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi M. Hümbətov və Mərkəzin baş direktoru Rüstəm Asulbek imzalayıblar.
İmzalanma mərasimində R.Asulbek bu əməkdaşlığın qurumlar arasında birgə layihələrin keçirilməsinə, müntəzəm olaraq bilik və qabaqcıl təcrübə mübadiləsinə zəmin yaradacağını vurğulayıb.
M. Hümbətov isə “QazTrade” ilə əməkdaşlığın ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini bildirib.
Daha sonra “QazTrade” tərəfindən təklif edilmiş Türk dünyası ölkələri arasında ticarət əlaqələri barədə birgə hesabat layihəsinə dair fikir mübadiləsi aparılıb və layihənin yaxın zamanda başlanılması niyyəti ifadə olunub.