Sənədi ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov və ERI-nin İdarə Heyətinin sədri Ruslan Sultanov imzalayıblar.
İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətovun 8 – 9 iyun tarixlərində Qazaxıstana işgüzar səfəri çərçivəsində ESRI və Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqat İnstitutu (ERI) arasında əməkdaşlıq üzrə birgə fəaliyyət planı imzalanıb. Sənədi M. Hümbətov və ERI-nin İdarə Heyətinin sədri Ruslan Sultanov imzalayıblar.
İmzalanma mərasimi zamanı R. Sultanov ölkələrimizin iqtisadi baxımdan oxşar problemlərlə üzləşdiyini və institutlarımız arasında əməkdaşlığın iqtisadi əlaqələrimizi gücləndirəcəyini və qarşılıqlı fayda əldə etməyə imkan verəcəyini qeyd edib.
Öz növbəsində M. Hümbətov da birgə fəaliyyət planının qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün əsas yaradacağını vurğulayıb. O, birgə fəaliyyət planının ticarət, yaşıl iqtisadiyyat, nəqliyyat, logistika və milli iqtisadiyyatların digər prioritet məsələləri üzrə birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, birgə tədbirlərin təşkil edilməsi, bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, məsləhət xidmətlərinin göstərilməsi, tədqiqatçıların mübadiləsi və digər formalarda həyata keçirələcəyini qeyd edib.
Sonda M. Hümbətov bu əməkdaşlığın dayanıqlı olacağına, qardaş ölkələrimizin iqtisadi inkişafına və rifahına töhfə verərək mühüm nəticələr əldə ediləcəyinə əmin olduğunu bildirib.